Xankəndi, 3 iyul, AZƏRTAC
İyulun 3-4-də Xankəndi öz tarixinin yeni səhifəsini yazır – şəhər ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) dövlət və hökumət başçılarını qəbul etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu möhtəşəm Zirvə görüşü təkcə siyasi təqvimdə mühüm hadisə deyil, eyni zamanda, onilliklər boyu sınaqlardan çıxmış bir şəhərin dirçəlişinin rəmzidir.
Cənubi və Mərkəzi Asiyadan tutmuş Orta Şərqə qədər geniş bir coğrafiyanı əhatə edən və 10 dövləti bir araya gətirən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) bu gün regionda iqtisadi inteqrasiya, strateji əməkdaşlıq və davamlı inkişaf üçün önəmli platforma rolunu oynayır.
ECO-nun növbəti yüksəksəviyyəli toplantısı üçün Xankəndinin seçilməsi isə şəhərin yeni reallıqlar fonunda artan geosiyasi və geoiqtisadi çəkisinin bariz göstəricisidir.