İsrail Müdafiə Qüvvələri Yəməndə "Qara Bayraq" əməliyyatı həyata keçirərək husi hədəflərinə güclü zərbələr endirib. Bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
O deyib: "Yəmənin taleyi Tehranın taleyi kimidir. "Qara Bayraq" əməliyyatı çərçivəsində İDF husilər tərəfindən təxminən iki il əvvəl ələ keçirilən və hazırda Qırmızı dənizdə terror fəaliyyətləri üçün istifadə edilən Hudeydə, Əs-Salif və Rəs İsa limanlarında husi rejiminin terrorçu hədəflərinə, Ras Katib elektrik stansiyasına və "Qalaksi Lider" gəmisinə zərbələr endirib."
İsrailin müdafiə departamentinin rəhbəri əlavə edib ki, İsrailə hücum etməyə cəhd edən hər kəs cavab zərbəsi alacaq. Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Yəməndə husilərə məxsus hədəflərə, o cümlədən üç limana zərbələr endirmək üçün qırıcı təyyarələrdən istifadə edildiyini bildirib.
"Hədəflər arasında husilərin İsrail və onun müttəfiqlərinə qarşı terror əməliyyatları həyata keçirmək üçün İran rejimindən silah daşımaq üçün istifadə etdiyi Hodeyda, Ras İsa və Əs-Salif limanları olub. Zərbə husilərin İsrailə, onun mülki əhalisinə və mülki infrastrukturuna, o cümlədən İsrail ərazisinə pilotsuz təyyarələr və raket zərbələri endirməsinə cavab idi." İDF bildirib.
İsrail ordusu husilərin dənizdən gəmilərə və qlobal dəniz ticarətinə qarşı terror fəaliyyətləri həyata keçirmək üçün istifadə etdiyini də xatırladıb. "Vurulan hədəflər rejimin mülki infrastrukturdan terror məqsədləri üçün sistemli şəkildə istifadə etdiyini nümayiş etdirir", - hərbçilər əlavə edib.
Əziz Mustafa