Bu başqa məsələ ki, indiyəqədərki statistika portuqaliyalılara yaxşı heç nə vəd etmirdi. “Qartallar” 2014-cü ildən bəri İngiltərə klublarına qalib gəlmirdi, şəxsi oyunlarda isə “Çelsi”yə həmişə uduzmuşdu.
Düzdü, “Benfika” qrup mərhələsində turnirin favoritlərindən sayılan “Bavariya”nı məğlub etmişdi. Və “zadəganlar” ən azı bu məqama görə müəyyən mənada ehtiyatlanmalıydı.
Etiraf etmək lazımdı ki, “Çelsi” hər iki hissədə rəqibdən üstün təsir bağışladı. İngiltərə təmsilçisi hələ fasiləyə qədər hesabı açmalıydı. Təkcə elə Kukurelya iki gözəl imkanı boşa verdi. 2-ci hissənin ortalarında “Çelsi” istədiyinə nail oldu. Ceyms cərimə zərbəsindən topu qapının aşağı küncünə vurmaqla qrup mərhələsində yaxşı oyun göstərən Trubini məyus etdi.
Bir neçə dəqiqə sonra ukraynalı qapıçını arxada qoyan Delap komandasının 2-ci qolunu vursa da, hakim ofsayd qeydə aldı. 86-cı dəqiqədə turnirdə növbəti dəfə qasırğa təhlükəsinə görə oyun dayandırıldı. Komandalar meydana bir də iki saatdan sonra qayıtdı.
Oyun canlanan kimi hesab bərabərləşdi. Hüsto əllə oynadığına görə VAR-ın da yardımı ilə penalti təyin olundu. Təcrübəli Di Mariya imkanı əldən vermədi. Maraqlıdı ki, argentinalı ulduz 4 qolun hamısını penaltidən vurub. Düşünmək olardı ki, sonda gələn qol “qartallar”a psixoloji planda daha yaxşı təsir edəcək. Ancaq əlavə vaxt başlayan kimi Koluillə qarşı sərt oynayan gənc Prestianni “sarı” ilə cəzalandı, vərəqənin rəngi avtomatik “qırmızı” oldu və “Benfika” azlıqda qaldı.
Nominal qonaqlar say üstünlüyündən ən yaxşı şəkildə yararlandı, ardıcıl üç qol vurdu. Beləliklə, ən yaxşı 8 komanda arasına düşən “Çelsi”ni irəlidə “Palmeyras”la duel gözləyir.
Benfika – Çelsi 1:4 (0:0, 1:1, 0:3), ə.v.
Benfika (Lissabon, Portuqaliya): Trubin, Dal, Otamendi, A.Silva, Eursnes (Veloso, 85), Kökçü (Qoveya, 85), Florentino (Belotti, 70), Şelderup (Aktürkoğlu, 46), Barreyro, Di Mariya, Pavlidis (Prestianni, 70).
Çelsi (London, İngiltərə): Sançes, Badyaşil (Adarabioyo, 69), Koluill (Anselmino, 118), Ceyms (Hüsto, 80), Kukurelya, Kaysedo, Lavia (Çaloba, 86), Fernandes (Dyusberi-Holl, 80), Palmer, Delap (Nkunku, 80), Neto.
Qollar. Ceyms, 64 (0:1). Di Mariya, 90+5-p. (1:1). Nkunku, 108 (1:2). Neto, 114 (1:3). Dyusberi-Holl, 117 (1:4).
Vərəqələr: Pavlidis, 50. Kaysedo, 61. Florentino, 62. Kökçü, 82. A.Silva, 90+5. Palmer, 92. Prestianni, 90+6. Koluill, 102. Qoveya, 120+1 – sarı. Prestianni, 91 – qırmızı (ikinci sarı).
Hakim: Slavko Vinçiç (Sloveniya).
28 iyun. Şarlott. 60927 tamaşaçı.
Oyundan sonra
Entso Mareska, “Çelsi”nin baş məşqçisi:
“Çıxışımızla qürur duyuram, çox qürur duyuram. Uzunmüddətli fasilədən sonra sanki yeni oyun başladı. Bir saatdan artıq gözləmək asan deyil. Ancaq biz mübarizəni davam etdirdik və haqq etdiyimiz qələbəni qazandıq. Turnirdə ən güclü 8 komanda arasında yer aldığımıza görə çox xoşbəxtik”.
Levi Koluill, “Çelsi”nin müdafiəçisi: “Biz qalibik. Bu oyunda qalib gəlməkdən başqa seçimimiz yox idi. Hamımız bunu bilirdik, qələbəyə inanırdıq. Hətta onlar qol vurandan sonra da başımızı aşağı salmadıq. Qol vəziyyətləri yarada biləcəyimizi anlayırdıq. Hesab meydanda yaşananları tam əks etdirir”.
Bruno Laje, “Benfika”nın baş məşqçisi: “İlk yarıda daha yaxşı oynaya bilərdik, xüsusən də hücum planında. Hesabı bərabərləşdirəcəyimizə də inanırdıq. Oyun bərpa olunandan sonra “artırdıq”, mübarizəni overtayma daşıya bildik. Prestianni qovulandan sonra belə səviyyəli rəqibə qarşı oynamaq çox çətin idi. Belə şəraitdə oynamaq onsuz da çətindi, oyunçun qovulursa, yarım saat mübarizə aparmaq daha da çətinləşir. Əlavə vaxtın ilk yarısında “Çelsi”dən daha yaxşı oynadıq, dörd təhlükəli vəziyyət yaratdıq, ən azı bir qol vura bilərdik. Ancaq sonra qapımızda top gördük, hesab 1:2 oldu və bununla da hər şey bitdi. Belə məğlubiyyəti qəbul etmək çətindi”.