AZ

İmişli nin prezidenti: AFFA dan son ok gözləyirik MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında debüt edəcək "İmişli"nin prezidenti Kamran Eyyubovun Prosport.az saytına müsahibəsi

– Sonuncu dəfə sizdən İmişidə 2023/24 mövsümünün sonunda müsahibə götürmüşdük. O vaxtdan bəri müsahibənizə rast gəlməmişik. Mətbuatdan sanki qaçırsınız...

– Yox, mətbuatla gözəl aramız var. Tənqidləri dinləyirik, eyni zamanda dəstəkləri görürük. Mətbuata müsahibə verməməyimin səbəbi isə nəticəyə fokuslanmağımızdır. Danışmaqdan çox, əməlimizi göstərmək istəyirik. Sizə də müsahibə ilə bağlı bir neçə dəfə "yox" demişik. Bu müvəqqəti olaraq belədir. Nəticə olandan sonra müraciət edən üçün jurnalist üçün müsahibə də verəcəyik. Bizim heç nədən çəkinəcəyimiz yoxdur.

– Portuqaliyalı Jorje Kaskilya komandaya baş məşqçi təyin olunub. Bu, komandanın Premyer Liqada özünü debütant kimi aparmaması üçün hesablanıb?

– 2023-cü ildə komanda formalaşanda hədəfimiz I Liqada müəyyən yerlər tutmaq idi. Düzdür, 1-ci il nəticəmiz yaxşı olmadı. Yalnız bu il 2-ci yeri tutmaqla Premyer Liqaya çıxa bildik. Bu müddətdə biz yerli məşqçilərlə işləmişdik. Məsələn, ilk ildə İmişli futbolunun yetirməsi Ruhid Usubov baş məşqçi təyin olundu. Baxmayaraq ki, onun təcrübəsi və lazımi məşqçi kateqoriyası yox idi. Hazırda da onunla əməkdaşlıq edirik. Daha sonra uzun müddət işləməyən Əsgər Abdullayevi futbola qaytardıq. Ötən il isə Fərid Namazovu baş məşqçi təyin etdik. Onu yalnız futbolla maraqlananlar tanıyırdı. Geniş auditoriyanın onu tanıması, parlaması üçün ona şərait yaratdıq. Klub uzun müddətli strategiya, inkişaf haqda düşünür. Ona görə də Pro kateqoriyalı məşqçilərlə danışıqlar aparmışdıq. Sual olunur ki, niyə yerli məşqçi ilə işləmək istəmədiniz? Ola bilsin ki, bir müddətdən sonra onlara da yenidən şans verdik. Futbol dinamik bir sahədir. Belə bir şey yoxdur ki, mütləq komandada azərbaycanlı çalışmalıdır. Bu gün bir çox Avropa klubunda əcnəbi məşqçi çalışır. İtaliya klubunda ispan, İspaniya klubunda italyan, İngiltərədə ispan, fransız, portuqal məşqçilər işləyir. Biz köklənsək ki, hər yerdə azərbaycanlı çalışmalıdır, bu bizi inkişafdan geri saxlayacaq. Seçdiyimiz məşqçi öz təcrübəsi və biliyinə görə kifayət qədər fərqlənən insandır. İstəyirəm ki, çempionat başlasın. Ondan sonra bizi bu təyinata görə tənqid edən şəxslərlə birgə oturub müzakirə aparaq ki, kim haqlı idi?! Seçimimiz düz olsa da, biz o tənqidləri pis qəbul etmirik, normal bir şeydir. Səhv olsa da, bunu müzakirə etməyə hazırıq. "Sabah"da mövsüm ərzində iki əcnəbi məşqçi çalışdı. Avrokubokda yeni əcnəbi baş məşqçi olacaq.

– Ən çox tənqid olunmağınız Kaskilyanın Çexiyanın II Liqa (Moraviya-Sileziya Futbol Liqası) klubu "Znoymo"da çalışmasıdır.

– Məşqçi orada cəmi 9 oyun keçirib. Sentyabrın 28-də komandanı götürəndə "Znoymo" ən sonuncu yerdə idi, qələbəsi yox idi. Onun gəlişindən sonra turnir cədvəlində komandanın vəziyyəti düzəldi. Qış fasiləsində ukraynalı iş adamı klubu alır və bu klubu öz həmyerlisi olan məşqçiyə təhvil verir. Kaskilya martın 3-dək orada çalışıb. Yəni komandanın uğursuzluğuna bu məşqçinin aidiyyatı yoxdur. Bu məşqçinin dövründə komanda kifayət qədər yaxşı çıxış edib. Kaskilya vətəni Portuqaliyada "Moreyrensi"ni aşağı liqadan I Liqaya çıxarıb. Məşqçilikdə belə bir şey yoxdur ki, getdiyiniz hər yerdə uğurlu olacaqsınız. Ciddi uğurları olmuş Kurban Berdiyev də ötən mövsüm "Turan Tovuz"u avrokuboklara çıxara bilmədi. Juze Mourinyunun ən böyük uğurları 15-20 il bundan əvvəl olub. Ancaq o yenə də "Special One"dır. Marçello Lippi İtaliyanı 24 il sonra dünya çempionu etdi. Ancaq növbəti dünya çempionatında Yeni Zelandiya ilə heç-heçə oynadılar. Biz İmişliyə yaxşı futbolçu gətirmək istəyiriksə, göstərməliyik ki, bizdə yaxşı məşqçi, yaxşı sistem, yaxşı infrastruktur var. Bizim o qədər maliyyəmiz də yoxdur ki, güclü futbolçu gətirək. Ona görə də əcnəbi məşqçi gətirməklə İmişliyə gələcək futbolçunun seçiminə təsir etməyə çalışmışıq.

– Siz I Liqada Cənubi Amerikadan – Braziliyadan futbolçu oynadan komanda idiniz. Özünüz də ötən il Cənubi Amerikaya səfər etmişdiniz, ora ilə əlaqələriniz var. Əcnəbi məşqçi və futbolçuların gəlişində bu xəttin rolu var?

– Bizim transferlərimiz əsasən portuqaldillidir. Düzgün vurğuladınız. Bu əlaqələr də bir faktdır ki, biz Portuqaliyadan məşqçi gətirdik. Bu gün baxsanız, dünyada ən güclü 3 ölkədən məşqçi çıxır. Bunlar İtaliya, İspaniya və Portuqaliyadır. Bu ölkələrin məşqçi məktəbi var. Argentinadan bir oyunçumuz olacaq. Təəssüf ki, Braziliya U-20-də 4-5 oyun çıxış etmiş bir futbolçunu Serbiya klubuna uduzduq. Müqavilə imzalanmağa az qalmışdı, son anda əlimizdən çıxdı. Çünki serb klubu ilə müqayisədə klubumuzun uzun müddətli tarixi yoxdur. Ekvador çempionatının bombardiri ilə danışıq aparırdıq, onu da gətirə bilmədik. Nə dedisə, razılaşdıq. Amma yenə imtina etdi. Onu çempionatımızın səviyyəsi qane etmədi. Portuqaliya U-20-si ilə dünya 2-cisi olmuş 31 yaşlı futbolçunu da gətirə bilmədik.

– Bəs gətirdiyiniz əcnəbilərə klubu İmişli, yoxsa Bakı klubu kimi təqdim edirsiniz? Çünki onlar bilməlidir ki, bölgədə, yoxsa paytaxtda oynayacaqlar.

– Stadion hardadırsa, sən də orada oynayırsan. Hazırda İmişlidəki stadionla bağlı işlər gedir. Stadionun tək bizə verilməsini istəmişik. Həmkarlar İttifaqı və özəl şirkətlə danışıqlar gedir. Torpaq "Həmkarlar"a, stadion isə özəl şirkətə məxsusdur. AFFA-dan son "ok" gözləyirik. Onlar da bu məsələdə bizə dəstək olur. Söz veriblər ki, məsələ həll olunacaq və biz qısa müddətdə o infrastrukturu dəyişəcəyik. Bu məsələ həll edildikdən sonra biz artıq İmişlidə ev oyunlarımızı keçirə biləcəyik. Ancaq bunadək ev oyunlarımızı harada keçirəcəyimizə dair sizə qəti bir söz deyə bilmərəm.

– AFFA İcraiyyə Komitəsinin son iclasında UEFA-ya müraciət edilərək Ağsu şəhər stadionunun və Bayıl arenanın infrastrukturunun təmir olunacağı haqda qərar qəbul edildi. Ağsu stadionu mövsümün əvvəlində sizə ev sahibliyi edə bilərmi?

– Klublarımız uzun müddət AFFA-dan asılı olub. Ancaq hazırda əvvəlkindən fərqli olaraq, müstəqil siyasət yeridirlər. Bizə mövsümə Ağsu, Qəbələ, Qusar stadionları və ya Quba Olimpiya İdman Kompleksində başlamağımız önəm daşımır. Azərbaycanın istənilən şəhərində futbol oynaya bilərik. Bu bizim üçün prinsipial məsələ deyil. Əsas məsələ bizə verilmiş öz stadionumuzun düzəlməsinədək olan möhlətdir. İmişlidə ilk oyunumuzu keçirənədək o stadionda 10 il idi ki, futbol matçı keçirilmirdi. Belə desəm, İmişli şəhər stadionunda ruhlar gəzirdi. Biz o stadionu bərpa etdik, camaatı ora gətirdik. Bizdən sonra İmişlinin digər klubları da burada oynamağa başladı.

– Belə başa düşdük ki, hər şey qeyri-müəyyən olaraq qalır.

– Əslində qeyri-müəyyən deyil. Sadəcə, hüquqi məsələlər bitməlidir ki, qazonun təmirinə başlanılsın. Əgər mövsümə orada başlamaq istəyiriksə, o zaman arenaya süni qazon döşənməlidir. Hazırda istilərə görə ora təbii qazon üçün toxum səpmək mənasızdır. Sentyabrda toxum səpsək, deməli, orada oyunlarımızı ən tez martda oynaya biləcəyik. Süni etsək, yenə "Karvan" kimi tənqid ediləcəyik. Amma biz təbii ot örtüyü etmək niyyətindəyik. Biz də öz azarkeşimizin yanında futbol oynamaq istəyirik. Bunun maddi və mənəvi tərəfi var. Maddi üstünlüyü odur ki, öz meydanımızda oyuna baxmaq üçün bilet satışından gəlir əldə edirik. I Liqada yeganə komanda idik ki, bilet satmışıq. İnsan bir şeyə pul verirsə, demək ki, onun dəyərini görür. Ağsu və ya Qubada oynasaq, kim bizim oyunumuza gəlib baxacaq?

– Təbii etsəniz, xərcləri özünüz qarşılayacaqsınız? Yoxsa "Turan Tovuz" kimi AFFA-nın səxavət kisəsini açmağı gözləyəcəksiniz?

– Bizim AFFA ilə danışığımız belə olub ki, onlar infrastrukturun bizə verilməsinə kömək edəcəklər. Biz də oranın təmir olunmasına şifahi razılıq vermişik.

– Yaxşı, belə deyək, hələ ki öz stadionunuz məsələsi bilinənədək, mövsümə başlamaq üçün harasa müraciət etmisiniz?

– Bir neçə quruma müraciət etmişik. Hamısından da imtina gəlib. Klublara, nazirliyə, federasiyaya müraciət etmişik, müsbət cavab almamışıq. İndi desəm ki, İmişlidə süni meydançada oynayacağıq, o özü belə yalan olar. Biz Gənclər və İdman Nazirliyi ilə Quba Olimpiya İdman Kompleksinin stadionu üçün danışmışıq. Ora belə 2 kluba ("Quba" və Xaçmazın "Şimal" klubunu nəzərdə tutur – red.) verilib. Bu gün bizə müvəqqəti kömək lazımdır. İlk 7-8 oyunu kənarda keçirib, daha sonra öz meydanımıza köçmək istəyirik.

– Komandaya qayıdaq. Məşqlərin başlanma vaxtı bilinir?

– Bəli. İyulun 7-8-i bizdə tibbi müayinədir. Ayın 9-dan isə məşqlər başlayacaq.

– Harada? Əsas sual budur.

– Bakıda. Bir meydan yox, bir neçə meydanda hazırlıq keçəcəyik.

– Əvəzedici komandanız çempionatda oynayacaq?

– İlk növbədə deyim ki, PFL-ə müraciət etməmişik ki, bizə əvəzedicilərlə bağlı güzəşt edilsin. AFFA İcraiyyə Komitəsi 12 komandanın Premyer Liqada iştirakı ilə bağlı qərar qəbul edəndə, orada 1 il güzəşt olacağı deyilmişdi. Ancaq bu güzəştin nə olması barədə bizə bir söz deyilməyib.

– Bəs əvəzedici komandanız var?

– Lisenziya şərtlərində I Liqa klubunda əvəzedici komandanın olması şərt deyil. Ancaq Premyer Liqadayıqsa, olmalıdır. Ötən il sual vermişdiniz ki, II Liqa klubu "Kür-Araz"la birləşə bilərikmi? İmişlidə futbolçular var. Yerli oyunçuları əvəzedici komandaya cəlb edə bilərik. Saatlı, Sabirabad, Kürdəmir kimi ətraf rayonlardan uşaqlar götürüb əvəzedici komanda formalaşdırmaq mümkündür. Ancaq mənim fikrimcə, əvəzedici komandadansa, uşaq futboluna bu pulu ayırmaq olar. Bu gün Əvəzedicilər Liqasının bizim kimi komandalara heç bir xeyri yoxdur. Məndən fikir soruşulsa, deyərəm ki, bunu güzəşt edə bilirsinizsə, edin.

– Bəs Klublar Komitəsində bu barədə məsələ qaldırmadınız?

– Hər klubun öz marağı var və ona uyğun hərəkət edir. Bu komitə formal xarakterlidir və qərar qəbul etmir. I Liqada olanda Əvəzedicilər Liqasından futbolçu gətirə bilmirdik. Məncə, Əvəzedicilər Liqasının ləğvi I və II Liqanın güclənməsinə səbəb olacaqdı. II Liqada oyunçu qıtlığından 35-40 yaşlı futbolçuları oynadırlar. Dəyişiklik etməkdən çəkinmək lazım deyil. Nə qədər tez Əvəzedicilər Liqasının ləğvi barədə qərar verilsə, bir o qədər tez Azərbaycan futbolu inkişaf edəcək. Avropanın aparıcı ölkələrində klubların B komandaları aşağı liqalarda çıxış edir. Onlarda Əvəzedicilər Liqası yoxdur.

– Akademiyalarla bağlı vəziyyətiniz nə yerdədir?

– Bu il U-13 komandamız pley-offa çıxmışdı. Yalnız 1/8 finalda "Araz Saatlı"ya səfərdə uduzduğuna görə mübarizəni dayandırdı. Ötən mövsümdə U-17 Liqasına kimi "İmişli"nin komandası yarışıb.

– Seyxan Fərəcov ən məhsuldar oyunçunuz idi. Onu niyə yola saldınız?

– O bizim üçün seçilən futbolçu idi. Ancaq onu Premyer Liqaya gətirsəydik, onu "yandırardıq". O hələ buna hazır deyil. Vurduğu 11 qolun 6-sı penaltidən olub. Son bir neçə oyunda qol vura bilməmişdi. Amma əminik ki, öz üzərində işləsə, 1-2 ilə Premyer Liqaya gələ bilər. Elə ona təklif göndərə bilərik ki, Seyxan, gəl, bizdə oyna. Ancaq siz də, biz də bilirik ki, o, Premyer Liqaya hazır səviyyədə deyil. Bu məsələni qabartmaqla, klubla futbolçunu üz-üzə qoymaqla, biz oyunçunu da itirəcəyik, klubun gənclərə şans verməsinin də qarşısını alacağıq. Yeni transferimiz İbrahim Əliyev ötən mövsüm MOİK-də (indiki "Ordu") Seyxanla eyni sayda qol vurub. Əvvəl bizdə idi, MOİK-ə vermişdik. Özünü doğrultdu, yenidən geri qaytardıq.

– Müdafiə xəttiniz tamamlanmış görünür. Hansı mövqelərə oyunçu axtarırsınız?

– Ən çox hücum xəttinə.

– I Liqa və Premyer Liqa fərqli turnirlərdir. Bu baxımdan klubun strukturunda, kadr heyətində dəyişiklik olacaq?

– I Liqada bizimlə olan və fəaliyyətini bəyəndiyimiz insanlarla Premyer Liqada da yola davam edəcəyik. Bu insanlar işini göstərə bilənlər olacaq. İşini yola verənlərlə əməkdaşlığa son veriləcək. Ancaq əlavə işçilər də cəlb edəcəyik.

– "RDC Group"un "İmişli"dən əvvəl "Mingəçevir" klubuna sponsorluq etmək istədiyini bilirik. Bu baş tutmasa da, ötən il Mingəçevirdə "Ulduzlar" Akademiyasına sponsorluq etməyə başladınız. Ancaq ilin əvvəlində sponsorluqdan imtina etdiniz. Səbəb nə idi?

– Bir yerin bir ağası olar. O uşaq Akademiyası "Mingəçevir"ə tabe idi. Mən ona dəstək olanda, onların sponsoru gəlməmişdi. Klubdan bizə müraciət olundu ki, bizə dəstək olun. Mən də yanvaradək dəstək ola bildim. Məşqçilərin maaşını verirdim, komandaları top və inventarla təchiz edirdim. Yanvarın əvvəli xəbər çıxanda ki, artıq ora yeni sponsor gəlir, mənim ora dəstək olmağım düzgün olmazdı. Ona görə də həmin maliyyəni İmişlidəki uşaq futboluna yönəltdim. İlin əvvəlindən o kluba ASTA sponsorluq etməyə başladısa, orada qalmağım düzgün deyildi. Mingəçeviri sevirəm, doğma şəhərimdir. Bu şəhərə öz dəstəyimi verməli idim və verdim. Hətta buna görə İmişlidə məndən inciyənlər də vardı ki, bizə belə dəstək göstərmədin, ora etdin. Mən də deyirdim ki, bir az səbirli olun, sizə də edəcəyəm.

– Sonda futbol ictimaiyyətinə nə demək istərdiniz?

– Demək istərdim ki, bir az səbirli olsunlar. Çempionat başlasın. Nəticə pis olarsa, tənqid etsinlər. Biz ötən mövsüm I Liqaya məğlubiyyətlə başlamışdıq. Daha sonra lider "Qəbələ"yə ilk qolu vurduq, sonra da onlara ilk məğlubiyyəti yaşatdıq. "Qəbələ" ilə aramızda 15 xallıq fərq oldu. Ancaq "Mingəçevir" və "Baku Sportinq"dən 14 xal itirməsəydik, "Qəbələ" ilə də sonadək mübarizə aparacaqdıq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
38
icma.az

10Mənbələr