6-cı Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı – SevilFest Lənkəran şəhərində filmsevərləri bir araya gətirməyə davam edir. Gender bərabərliyi və qadınların kino sahəsindəki roluna diqqət çəkən festival bu il də zəngin proqramla çıxış edir.
Bizim.Media xəbər verir ki, iyulun 6-da Lənkəranın “Paus Brewing” məkanında müxtəlif ölkələrdən olan sənədli filmlər nümayiş olunub. Günün ilk filmi, azərbaycanlı rejissor Rena Effendinin çəkdiyi və 101 dəqiqə davam edən “Satyrusun axtarışında” adlı sənədli film olub.
Xüsusi nümayiş statusu daşıyan ekran işindən sonra tamaşaçılarla müzakirə təşkil olunub.
Daha sonra beynəlxalq qısametrajlı filmlər nümayiş etdirilib. Fransa və Meksika istehsalı olan, Natalia Leonun rejissoru olduğu “Sanki dünya onları udmuşdu” və Türkiyə-Hollandiya ortaq layihəsi olan, Şirin Bahar Demirelin çəkdiyi “Zərifliklə zorakılıq arasında” adlı sənədli filmlər izləyicilərin diqqətinə təqdim olunub.
Yerli qısametrajlı filmlər də tədbirin proqramında yer alıb. Atanur Nəbiyevanın “Gərək getməyəydik, Valeria” (9 dəq.) və Günel Qəlbirovanın “Görünməz olmağın uğur hekayəsi: iki doğru, bir yalan” (20 dəq.) adlı ekran işləri tamaşaçılarla görüşüb.
Festival iyulun 7-də Lənkəranın Osaküçə kəndində davam edəcək. Burada teatr rejissoru və pedaqoq Aynur Zərrintacın iştirakı ilə “Evim” adlı ustad dərsi (masterklass) keçiriləcək. Günün sonunda isə rejissor Səməd Ağayevin “Yolsuzluq” adlı 20 dəqiqəlik yerli sənədli filmi nümayiş olunacaq.
Festival çərçivəsində həmçinin iyulun 8 və 9-da “Paus Brewing”də animasiya rejissoru Marina Belkova tərəfindən “KineDok: sənədli animasiya dərsi” adlı iki günlük masterklass təşkil ediləcək.
Qeyd edək ki, SevilFest Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır və əsasən gender mövzularına yönəlir. Festivalın məqsədi sənədli filmlər və incəsənət vasitəsilə cəmiyyətdə gender bərabərsizliyi ilə bağlı maarifləndirməni artırmaq və qadın rejissorlara dəstək olmaqdır.
Sabutay, Bizim.Media, Cənub bürosu