Ancaq, məsələn, Avropa İttifaqı (Aİ) ilə 3 il bundan öncə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər Azərbaycanın Avropaya qaz tədarükünün iki dəfəyədək artırılması istəyi ortaya qoyularkən heç soruşan olmadı və bu gün də soruşan yoxdu ki, Sizdə bu qədər qaz varmı?!
Əlbəttə, ölkəmiz etibarlı tərəfdaş olduğundan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmək iqtidarındadır və yetirəcək də...
Yeri gəlmişkən, Azərbaycanda yaşıl enerji sahəsində atılan addımlar da bir tərəfdən həm də bu məqsədə xidmət edir. Belə ki, ölkəmizdə yaşıl enerjidən istifadə sahəsində imkanları genişləndirmək məqsədi daşıyan müvafiq investisiya qoyuluşları hesabına gələcəkdə ölkəmiz daha çox ölkələrə qaz ixrac etmək potensialına sahib olacaq ki, bu da, Avropanı enerji ilə təmin və bu sahədə təhlükəsizliyi təyin etmək baxımından rolumuzu indikindən bir neçə dəfə çox artıracaq.
Xatırladım ki, Azərbaycan 2023-cü ildə 23,8 milyard kubmetr, 2024-cü ildə isə 25,2 milyard kubmetr qaz ixrac edib. 2023-cü ildə Avropaya 11,8 milyard kubmetr qaz göndərən ölkəmiz qeyd olunan həcmi 2024-cü ildə 12,9 milyard kubmetrə çatdırıb. Bundan əlavə, 2024-cü ildə Türkiyəyə 9,9 milyard kubmetr, Gürcüstana isə 2,4 milyard kubmetr qaz ixrac edilib.
Ölkəmizin təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir ki, “Abşeron”, “Ümid”, “Babək”, “Asiman” və “Qarabağ” yataqlarında aparılan kəşfiyyat işlərinin nəticəsində bu həcmin daha da artacağı gözlənilir.
Ona görə də, Prezident İlham Əliyev çıxışlarının birində inamla qeyd etmişdir ki, Bizə və tərəfdaşlarımıza bundan sonra ən azı hələ 100 il yetəcək qədər qaz ehtiyatımız var.

Pərviz Heydərov