ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
“Sələfilik adı altında fəaliyyət göstərən vəhhabizmin qarşısı alınmalıdır. Allahla, dinlə əsla əlaqəsi olmayan, özünü İslama aid edən qeyri qanuni icma və qeyri – ənənəvi cərəyan xalqın birliyini pozur. İnsanların beynini zəhərləyib dünyəvi həyatdan uzaqlaşdırır, mağara dövrünə çəkir”.
Gununsesi.info xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan yazıb.
“Bir çox radikal fikirləri və niyyətləri zəmin yaranana kimi hələ gizli tuturlar. Ölkənin mədəniyyətinə, incəsənətinə, folkloruna, ədəbiyyatına, hətta tarixi ənənələrinə qarşı savaş açan bu təşkilat nüvə silahı qədər ziyanlıdır.
Mayası qanla yoğrulan vəhhabizmin yarandığı gündən törətdikləri çoxuna məlumdur. Ərəbistanda, İraqda, Suriyada törətdikləri cinayətlər, soyqırımı aktları bəşəriyyətə qarşı ən qatı cinayətlər sırasındadır.
Müasir zamanda müxtəlif qollara, cərəyanlara ayrılaraq iz azdırmaq istəsələr də hədəf, mahiyyət dəyişməyib.
Məsələ saqqal və şalvarın balağı yaxud niqab deyil, məsələ ideologiyanın zərərli olmasıdır. Bu toplum öz sosial bazasını qurur, demək olar ki, özlərinə ayrıca iqtisadiyyat sistemi yaradır, cəmiyyətdən təcrid olub dünyəviliyə qarşı mübarizə aparır.
Orta əsr ərəb qəbilə ənənəsini din pərdəsi altında sırıyan bu firqə din adı altında bütün vəhşiliklərə haq qazandırır, bütün qəddarlıqları qanuni sayır. Özlərindən olmayanlara ikrahla və nifrətlə yanaşmaq, təkfir etmək vəhhabilərin başlıca xüsusiyyətlərindəndir”.
Tural İrfan hesab edir ki, uşaqları məktəbdən yayındırmaq, qadınları cəmiyyətdən təcrid etmək, dünyəvi təhsilə düşmən kəsilmək vəhhabizmin amalıdır:
“İslamı tamamilə təhrif edərək mədəni, ümumbəşəri əxlaqi dəyərlərini, humanistliyini atıb cahiliyyə əqrəblərinin qəbilə təəssübkeşliyini, bədəvi qabalığını, səhra adətlərini yeridirlər.
Ona görə mədəniyyətdən, incəsənətdən, elmdən qaçırlar ki, bədəvi ərəblər səhrada bu dəyərlərdən nakam qalmışdılar. Bədəvilər saqqal qırxmağa nə alət, nə də fürsət tapmazdılar. Vəhhabizm ərəb bədəviliyinin Əməvi üslubudur. Yezidin özü də uzun müddət bədəvilərin yanında tərbiyə almışdı. Vəhhabilər Yezidi nə elminə, savadına, nə də xüsusi bir qabiliyyətinə görə deyil, məhz vəhşi təbiətinə, qəddarlığına görə sevirlər.
Hətta vəhhabi şeyxlərinin danışığı, nitqi də bədəvi üslubundadır. Məsələn, keçmiş Liviya lideri Qəddafi bədəvi idi. Onun qabalığı, mədəniyyətsiz hərəkətləri, tələsik və amiranə nitqi məşhur idi. Vəhhabizmdə də çöl ərəblərini təqlid etmək əsas istiqamətdir. Tələsik, soyuq və quru danışıq tərzi, hökm oxuyurmuş kimi kobud və qaba müraciət üsulu əslində daxildə hansı amansızlığın, mərhəmətsizliyin gizləndiyini təzahür etdirir qananlar üçün.
Vəhhabizm ideolojisinin əsasları qan və yalnız dağıtmaqdır. İslamın mədəniyyətini, tarixi abidələrini, qədim irsini məhv etmək üçün vəhhabizm yaradıldı və bunu əlləri çatan yerlərdə icra etdilər. Səudiyyə Ərəbistanınında tarixi abidələri o dərəcədə məhv etdilər ki, bu gün Kəbənin Petra şəhərində olduğunu iddia edənlərin qarşısına qoymağa tutarlı arxeoloji tapıntı tapılmır. Beləcə İslamın bitili, tikili varlığına qənim kəsildilər.
Düşünməyi, ağıl işlətməyi, elm oxumağı, müasirliyi, dünyəviliyi xor görən bu cərəyan istənilən ölkə üçün ən dəhşətli virusdan daha zərərlidir. Virus müəyyən zamandan sonra məhv olur, lakin zəhərlənmiş beyinlər müalicə edilmir.
Bircə onu düşünmək kifayətdir ki, İŞİD nə hənəfi idi, nə maliki idi, nə cəfəri idi, nə zeydi idi nə də nəqşibəndi yaxud qadiri idi. İŞİD vəhhabi idi! İraqda, Suriyada təzə yarananda başçıları indi bizim ölkəmizdəki “Sələfi şeyxləri” kimi guya yumşaq danışır, özlərini loyal göstərirdilər. Elə ki, yuxarıdan siqnal gəldi, bir az artdılar və zəmin yarandı, dərhal mələk maskasını çıxarıb vəhşi və canavarlıqlarını ortaya qoydular. Başladılar müsəlmanları doğrayıb kabab çəkməyə. Qarnına bomba bağlayıb göyə sovurmağa. Qəfəsə salıb diri – diri yandırmağa… Qadınları bazarda keçi kimi satmağa…
Vəhhabizmin içi, əsl mahiyyəti İŞİD idi. Vaxtında, bir an da gec olmadan tədbirlər görülməlidir. Dünyəvi dövlət quruluşuna, hüquqi sistemə qarşı olan bu vəhşi ideologiya Hitler nasizmindən qat-qat təhlükəli, artıq dərəcədə zərərlidir”.
Şəbnəm
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.