AZ

Avstraliya yeni "qızıl hərisliyi"nin astanasında: Geoloqlar nə kəşf etdi?

Avstraliyanın qərbində aparılan geoloji araşdırmalar nəticəsində süxurların tərkibində qızılın kimyəvi izləri aşkarlanıb. Bu kəşf ölkənin faydalı qazıntılar sektorunda yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 

Valyuta.az xəbər verir ki, bu barədə "Mining Weekly" nəşri məlumat yayıb.

Qərbi Avstraliya Geoloji Xidməti (GSWA) tərəfindən aparılan tədqiqat zamanı qızıl ehtiyatlarının yerləşdiyi sahələrin müəyyən edilməsinə imkan verən yeni metod aşkarlanıb. Bu üsul süxurların kimyəvi tərkibini analiz edərək yerin dərinliklərində yaranmış potensial zəngin qızıl yataqlarının izlərini üzə çıxarmağa imkan verir.

Minlərlə geoloji nümunəni analiz edən mütəxəssislər, qızıl baxımından zəngin mineral sistemlərin formalaşdığı qədim geoloji proseslərlə əlaqəli kimyəvi birləşmələr müəyyən ediblər. Bu da əvvəllər aşkarlanmamış yataqların yerini təyin etməyə imkan verir.

Avstraliyanın mədən və neft sənayesi naziri Devid Maykl bu kəşfi "qlobal səviyyədə faydalı qazıntı axtarışında irəliyə doğru atılmış addım" adlandırıb. Onun sözlərinə görə, artıq şirkətlər bu kimyəvi izi izləyərək daha perspektivli sahələrə yönələ biləcək.

Bu yeni metodun tətbiqi ilə GSWA Yilqarn kratonu ərazisində bir neçə perspektivli qızıl sahəsi müəyyən edib. Yilqarn kratonu Yer üzündəki ən qədim və mineral ehtiyatlarla ən zəngin geoloji bölgələrdən biri hesab olunur.

Xatırladaq ki, bu yaxınlarda And dağlarının yaxınlığında, Argentinada son 30 ilin ən böyük mis, qızıl və gümüş yataqlarından biri aşkar edilib. Alimlər bu bölgədə gələcəkdə əlavə qiymətli metal ehtiyatlarının da üzə çıxarılacağını istisna etmirlər.

Çində isə 78 milyard dollar dəyərində qiymətləndirilən nəhəng qızıl ehtiyatı aşkarlanıb. Süxur nümunələrində qızılın adi gözlə görünə biləcək qədər zəngin olması alimləri heyrətləndirib.

Son illərdə həm ənənəvi, həm də tamamilə yeni texnologiyalarla qızıl hasilatı sahəsi sürətlə inkişaf edir. Məsələn, avstraliyalı alimlər qızıldan istifadə edərək micelium (göbələk kökü) yaradan unikal bir göbələk növü kəşf ediblər. Bu orqanizm həm qızıl ehtiyatlarını müəyyən etməkdə indikator kimi, həm də gələcəkdə kosmosda qızıl hasilatı üçün vasitə kimi istifadə edilə bilər.

©Qaynarinfo

Seçilən
4
16
valyuta.az

10Mənbələr