Xankəndi Konqres Mərkəzi özündə müasirliklə milli memarlıq ənənələrini birləşdirib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xankəndi Konqres Mərkəzinin nümayəndəsi Nəcəf Bədəlov deyib.
Qeyd edilib ki, müasir texniki avadanlıqlarla təchiz olunmuş Konqres Mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir: “Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb. Özündə müasirliklə milli memarlıq ənənələrini birləşdirən Mərkəzin binasında müxtəlif konqreslər, konfranslar, seminarlar, işgüzar görüşlər, ölkə və beynəlxalq əhəmiyyətli digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var”.
Nəcəf Bədəlov bildirib ki, Konqres Mərkəzinin fəaliyyətinin ilkin mərhələsində 12 nəfər daimi iş yeri ilə təmin olunub:
“Onlardan 8-i Xankəndi, Xocalı, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir. Yüksək funksionallığı və müasirliyi ilə diqqət çəkən Konqres Mərkəzi işğaldan azad olunmuş ərazilərimizin sosial-iqtisadi potensialının inkişafına xidmət edən mühüm layihələrdən biridir. Bu Mərkəzin yaradılması bir daha sübut edir ki, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir”.





