AZ

Bakı rusiyalı milyarderi “qara siyahı”ya salıb


XİN bununla bağlı rəsmi xəbər yaymayıb, amma Malofeyevin anti-Azərbaycan mövqeyinə görə bu qadağanı çoxdan haqq edib

Rusiyalı milyarder, ultra-sağçı “Tsarqrad” internet televiziyasının saytının təsisçisi Konstantin Malofeyevin Azərbaycana girişi qadağan edilib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb onun nəzarətində olan “Tsarqrad” media orqanının Azərbaycan hakimiyyəti haqqında dezinformasiya və Rusiya Federasiyasında ölkə vətəndaşlarına qarşı zorakılığa bəraət qazandıran təbliğat materiallarıdır.

Malofeyev deyib ki, Bakının qərarını dəyişdirmək mümkün deyil – apellyasiya şikayəti vermək də istisna olunur. Bakı ölkəyə girişi həmişəlik qadağan edilənlərin “qara siyahısı”nı nadir hallarda dəyişiklik edir. Siyahıya əsasən, anti-Azərbaycan mövqeli siyasətçilər, jurnalistlər və ictimai xadimlər daxil edilir.

Qeyd edək ki, Moskva vilayətinin Azərbaycan muxtariyyətinin rəhbəri Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edildikdən sonra Konstantin Malofeyev yenə də təxribatçı mövqedən çıxış edib. O, Rusiyadakı bütün Azərbaycan diasporasının yoxlanılmasına çağırıb.
Yada salaq ki, Rusiyanın ultra-sağçı “Tsarqrad” internet televiziyasının saytının bloklanması üçün “Minval.az”ın baş redaktoru Emil Mustafayev bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etmişdi.

“Mustafayev telekanalın Azərbaycana qarşı yönəlmiş yalan və təxribat xarakterli məlumatlar yayması ilə bağlı tədbirlər görülməsinə çağırıb. Müraciət nəticəsində ölkədə demək olar ki, heç kimin oxumadığı resursa – iş zamanı rastlaşan jurnalistlər istisna olmaqla – giriş məhdudlaşdırılıb. Bu addım ölkə daxilində təbliğat resurslarının fəaliyyətinin necə yatırılacağının bariz nümunəsi oldu. Bu, həm də Azərbaycana qarşı saxta xəbərlər yaymağa və ölkə daxilində ictimai rəyə təsir etməyə ümid edən digər təbliğatçılara dərs olmalıdır”, – deyə müraciətdə qeyd olunurdu.

“Tsarqrad” 2015-ci ildə rus pravoslav oliqarxı Konstantin Malofeyev tərəfindən yaradılıb. 2020-ci ildə “YouTube” ABŞ-ın ixrac qanunlarını pozduğuna görə “Tsarqrad” kanalını daimi olaraq bloklayıb. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra kanal ABŞ, Avropa İttifaqı, Birləşmiş Krallıq və Kanada tərəfindən sanksiyalar siyahısına salınıb.

Konstantin Malofeyev 1974-cü ildə Moskva vilayətində ziyalı ailəsində doğulub, anası proqramçı, atası astrofizik olub. Məktəbi gümüş medalla bitirib, 1991–1996-cı illərdə Moskva Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. O, karyerasına investisiya banklarında başlayıb. 2005-ci ildə özünün “Marshall Capital Partners” investisiya fondunu yaradıb. O, yeni texnologiyalara, nəqliyyata, qida istehsalına, pərakəndə satışa və daşınmaz əmlaka sərmayə qoyub. 2012-ci ilə qədər fond 1,5 milyard dollar dəyərində aktivləri idarə edirdi. Onlardan ən böyüyü “Rostelecom”un 10%-lik payı idi.
Bir neçə ildir ki, o, bizneslə paralel ictimai fəaliyyətlə məşğul olur. 2015-ci ildə Malofeyev özünün “Tsarqrad” telekanalını açıb. Bu işdə ona keçmiş “Fox News” direktoru Cek Hanik kömək edib. Kanalın konsepsiyası “xristian nöqteyi-nəzərindən təqdim edilən xəbərlər”dir. İlk növbədə Malofeyevin media orqanı “Rusiyanın 100 rusofobu” məqaləsi ilə məşhurlaşdı. “Tsarqrad” məmurları tənqid edən kifayət qədər sərt materiallar da hazırlayır. 2012-ci ildə Malofeyev senator olmağa da çalışdı. Versiyalardan birinə görə, o, barəsində olan çoxsaylı fırıldaq və dələduzluq cinayətlərindən yayınmaq üçün toxunulmazlıq əldə etmək istəyirmiş. Bunun üçün ona Smolensk vilayətində yerli seçkilərdə qalib gəlmək lazım idi. Lakin səslərin pulla satın alınması ilə bağlı şübhələrə görə onun namizədliyi səsvermə bülletenindən çıxarıldı və senatorluğa başqa bir adamın namizədliyi irəli sürüldü. Malofeyev Aİ və ABŞ sanksiyalarına məruz qalan ilk rusiyalılardan biridir.

Musavat.com

Seçilən
10
15
musavat.com

10Mənbələr