AZ

Xəstəliklər buna görə daha da pisləşir - ARAŞDIRMA

İtalyan alimləri müəyyən ediblər ki, insanın öz sağlamlığı ilə bağlı gözləntiləri xroniki xəstəliyin inkişafına təsir edə bilər. Milandakı Cattolica del Sacro Core Universitetində psixoloqlar tərəfindən aparılan bir araşdırma, optimist olan astma xəstələrində xəstəliyin daha yavaş inkişaf etdiyini üzə çıxarıb.

Publika.az xəbər verir ki, araşdırma nəticələri "Health Expectations" jurnalında dərc olunub.

Tədqiqatda astma diaqnozu qoyulmuş 310 nəfər iştirak edib. Altı ay ərzində onların xəstəliklərə nəzarət səviyyəsi (xəstənin astma simptomları ilə nə qədər effektiv mübarizə apardığını əks etdirən göstərici) üç dəfə ölçülüb və tənəffüs funksiyası qiymətləndirilib. Təcrübənin əvvəlində xüsusi hazırlanmış Xəstəlik Gözləmə Testindən (IET) istifadə etməklə xəstənin gözləntiləri də qiymətləndirilib - həm açıq (şüurlu), həm də gizli.

"Diaqnozdan sonra insanlar xəstəliyin necə inkişaf edəcəyi ilə bağlı fikir formalaşdırırlar. Bunlar "xəstəlik gözləntiləri" adlanan idrak münasibətləridir ki, əslində həm simptomların qavranılmasına, həm də fizioloji göstəricilərə təsir edə bilər", - tədqiqata rəhbərlik edən psixologiya professoru Françesko Paqnini deyib.

Nəticələr göstərib ki, astmanın inkişafına daha mənfi baxışı olan xəstələrdə zamanla daha ağır simptomlar aşkarlanıb və ağciyər funksiyasında daha çox azalma olub.

"Biz güman edirik ki, burada plasebo effektinə bənzər mexanizm işləyir: əgər insan daha da pisləşəcəyinə əmindirsə, o, həkimin tövsiyələrinə daha az ciddi əməl edə bilər və ya terapiyada səhvlər edə bilər. Son nəticədə bu, obyektiv vəziyyətə təsir edir", - Paqnini vurğulayıb.

Müəlliflər qeyd ediblər ki, oxşar nəticələr əvvəllər dağınıq sklerozlu xəstələrlə aparılan tədqiqatlarda əldə edilib. Gələcəkdə xroniki xəstəlikləri olan xəstələrə psixoloji dəstək və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün proqramlar yaratmaq üçün "xəstəlik gözləntiləri" haqqında məlumatlardan istifadə etməyi planlaşdırırlar.

Seçilən
9
50
ekologiya.az

10Mənbələr