BAKI. 6 iyul. TELEQRAF
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq Xorvatiyanın "Hayduk" klubu oyunçu transferlərdəki susqunluğunu pozmağa hazırlaşır.
Teleqraf "Dalmation" portalına istinadən xəbər verir ki, Split təmsilçisi hazırda 4 transfer üzərində çalışır.
Albaniya yığmasının yarımmüdafiəçisi Adrion Payazitinin keçidi bitmək üzrədir. 23 yaşlı oyunçu müqavilə ilə İngiltərə "Fulhem"inə məxsus olsa da, son 2 mövsümü icarə əsasında Norveçin "Hogesunn" və Xorvatiyanın "Qoritsa" komandalarında keçirib. Hazırda Payazitinin transferinin yalnız elan olunması qalıb.
Eyni zamanda, Zaqreb "Lokomotiva"sının kapitanı Fran Karaçiç "Polyud Arena"ya gəlməyə çox yaxındır. 29 yaşlı Karaçiç sağ cinah müdafiəçisi mövqeyində çıxış edir.
Ən böyük yenilik Ante Rebiçlə bağlıdır. 31 yaşlı vinger hazırda azad agent statusundadır və "Hayduk"la danışıqlar aparır.
Split təmsilçisi İvan Baniç və Lovro Maykiçlə müqavilə məsələlərindəki uğursuzluqdan sonra yeni qapıçı transferini də həyata keçirmək niyyətindədir. Xorvatiya yığmasının qapıçısı İvitsa İvuşiçin öz ölkəsinə qayıtmağa hazır olduğu bildirilir. Onun Kipr "Pafos"u ilə müqaviləsi var, amma danışıqlar müsbət və hər iki tərəfi razı salacaq istiqamətdə davam edir.
Yay transferlərinin indiyədək həyata keçirilməməsi klub rəhbərliyindəki dəyişikliklərlə bağlıdır. Fransua Vitali futbol əməliyyatları üzrə direktor, Alyoşa Pavelin isə Müşahidə Şurasının sədri vəzifəsindən ayrılıb. Əvəzində komandanın sabiq futbolçusu Qoran Vuçeviç idman direktoru postuna təyin olunub. Avqustun 8-də isə klubun Baş Assambleyası keçiriləcək. Bu arada UEFA Split təmsilçisini maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə 300 min avro cərimələyib.
Qeyd edək ki, "Zirə" və "Hayduk" arasındakı ilk oyun iyulun 23-də Bakıda, cavab görüşünü iyulun 31-də Splitdə olacaq.