AZ

Azərbaycanın qızıl bazarında vəziyyət necədir?

Azərbaycanda məhərrəmlik ayı başlayıb. Bu ayda toy mərasimləri olmadığı üçün qızıl zinət əşyalarına maraq olmadığı üçün bu zinət bazarına da təsirsiz ötüşmür.

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan Qiymətli metallar və qiymətli daşlar üzrə Texniki Komitənin sədri, Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov bildirib ki, Azərbaycanda qiymətli metallar və zərgərlik məhsulları bazarında qiymətlərin formalaşmasına müxtəlif faktorlar təsir göstərir.

 

Araşdırmalar göstərir ki, qızılın qiyməti mövsümi və lokal mədəni təsirlərdən daha çox qlobal iqtisadi proseslərə bağlı şəkildə dəyişir.

 

Onun sözlərinə görə, qızılın bir unsiyasının dünya birjalarındakı qiyməti əsasən ABŞ və Çin kimi aparıcı ölkələr arasında baş verən iqtisadi münasibətlər, mərkəzi bankların qızıl ehtiyatlarına dair qərarları, faiz siyasətləri, geosiyasi risklər və investorların riskdən qaçma meyilləri fonunda formalaşır:

 

"Eyni zamanda, Yaxın Şərqdəki siyasi qeyri-sabitlik, enerji bazarlarında qeyri-müəyyənliklər və beynəlxalq valyuta dəyişkənliyi də qiymətlərin qlobal səviyyədə hərəkətinə təsir edən əsas amillərdəndir.

 

Məhərrəmlik ayı isə Azərbaycan daxilində qiymətli metal bazarının ticarət dövriyyəsinə mövsümi təsir göstərsə də, bu dövr qiymətlərin dəyişməsinə səbəb olmur. Qiymətlərdə kəskin artım və ya eniş müşahidə edilmir; qiymət dinamikası əsasən qlobal trendlərlə müəyyənləşir. Bu dövrdə yalnız alıcılıq fəallığı azalır, bazarda nisbi durğunluq müşahidə olunur. Bu səbəbdən Məhərrəmlik ayı qiymət göstəricilərindən çox ticarət dövriyyəsinə və satış həcmindəki müvəqqəti azalmaya təsir edən faktor kimi qiymətləndirilə bilər".

 

Zərgərlik bazarında mövsümi eniş: Məhərrəmlik ayı satışlara necə təsir edir?

 

R.Əmircanov qeyd edib ki, Azərbaycan Zərgərlər Assosiasiyasının apardığı müşahidə və təhlillərə əsasən, ölkədə zərgərlik məhsullarının satışı əsasən toy mövsümünə bağlıdır:

 

"Toy və nişan mərasimlərində qızıl zinət əşyaları - xüsusilə də dəst komplektlər, qolbaq, sırğa, üzük və boyunbağı kimi məmulatlar - ənənəvi olaraq xüsusi yer tutur və bu mərasimlər satışların əsas həcmini müəyyənləşdirir.

 

Zərgərlik bazarında satışların strukturunda bu cür ailəvi mərasimlərin əhəmiyyətli yeri olduğundan, onların azalması və ya müvəqqəti dayandırılması satış göstəricilərində ciddi eniş yaradır. Bu baxımdan, Məhərrəmlik ayı ən bariz mövsümi durğunluq dövrü kimi qeyd olunur. Bu müddətdə ictimai davranışlar və ailəvi tədbirlərin keçirilməməsi fonunda zərgərlik məmulatlarına olan tələbat təqribən 50-60% azalır".

 

Müsahibimiz vurğulayıb ki, qeyd olunan eniş istehsal və satış sahəsində fəaliyyət göstərən sahibkarların dövriyyəsinə təsir etməklə yanaşı, sektorda ümumi iqtisadi aktivliyi də aşağı salır:

 

"Əsasən topdansatış və pərakəndə ticarətlə məşğul olan obyektlərdə bu dövrdə məhsul yenilənməsi və sifariş axını zəifləyir. Bununla belə, qiymət strategiyalarında ciddi dəyişikliklər müşahidə olunmur. Satışın azalması daha çox davranış və tələbatın təxirə salınması ilə izah olunur, qiymət azalması ilə deyil.

 

Maraqlı məqam odur ki, bu mövsümi enişin səbəbi sırf dini və mədəni təqvimlə bağlı olsa da, onun iqtisadi nəticələri kifayət qədər ölçülə biləndir. Bazarda baş verən bu müvəqqəti passivlik dövrü planlama baxımından həm satıcıların, həm də istehsalçıların nəzərə almalı olduğu bir mərhələdir".

 

"Nəticə olara onu deyə bilərik ki, Azərbaycanda zərgərlik sektorunun fəaliyyəti təkcə qlobal iqtisadi hadisələrdən deyil, eyni zamanda daxili sosial və mədəni faktorlarla da sıx şəkildə bağlıdır. Məhərrəmlik ayı bu baxımdan zərgərlik bazarında ən nəzərəçarpacaq mövsümi eniş dövrü kimi çıxış edir. Satışların azalmasına baxmayaraq, qiymətlər sabit qalır və bu da göstərir ki, qiymətli metallarla bağlı qiymət mexanizmi qlobal bazarın əsas göstəricilərinə bağlı olaraq fəaliyyət göstərir.

 

Sektor iştirakçıları üçün belə dövrlərin düzgün planlanması və strateji hazırlıq tədbirlərinin görülməsi mühüm əhəmiyyət kəsb edir. Mövsümi eniş dövrləri həm də bazar üçün təhlil və yenidən qiymətləndirmə imkanı yaradır"-R.Əmircanov deyib.
 

Seçilən
12
4
sfera.az

10Mənbələr