Son illər bir çox kənd təsərrüfatı məhsulu istehsalında artım müşahidə edilir ki, bunun da əsas səbəblərindən biri aqrar sektora verilən dövlət dəstəyidir. Kənd təsərrüfatının inkişafı baxımından zəruri sayılan layihələrin maliyyə təminatını öz üzərinə götürən dövlət aqrar sektorda çalışanlara geniş güzəştlər edir.
Bütün bunlar söz yox ki, ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını təmin edir, vaxtilə iqtisadiyyatda xeyli payı olan sahələrə marağı artırır. Belə sahələrdən biri də tütünçülükdür.
İqtisadi əhəmiyyətinə görə ikinci texniki bitki sayılan tütün hələ keçən əsrin 70-ci illərində respublikamızda kənd təsərrüfatının əsas sahələrindən biri olmuşdur. Lakin 90-cı illərin əvvəllərində digər sahələr kimi tənəzzülə uğradı. Yalnız 2016-cı ildə dövlət başçısının təşəbbüsü və qayğısı ilə bu gəlirli sahə yenidən dirçəlməyə başladı.
Bu dirçəliş tütünçülük üçün əlverişli şəraitə malik olan Goranboyda hiss olunur. Hazırda tütün rayonun Zeyvə, Yenikənd, Şəfəq, Qarbucaq, Todan və Qaraçanaq kəndlərində əkilir. Keçən il həmin kəndlərdə 8 hektar tütün əkən şirkətlər hər hektardan 1,5 ton olmaqla ümumilikdə 14,7 ton tütün yarpağı toplamışlar.
Rayonda tütün istehsalını artırmaq üçün 14 istixana qurulması nəzərdə tutulmuşdur. Onların artıq 6-nın qurulması başa çatdırılmışdır. Bu istixanalarda yetişdirilən şitillər artıq sahələrə köçürülmüşdür. Cari ilin məhsulu üçün 291 hektar sahəni əhatə edən plantasiyalarda 5 mülkiyyətçi ilə müqavilələr bağlanmışdir.
Qeyd edək ki, ən çox "Virciniya" sortunun əkildiyi plantasiyaların suvarılması müasir texnologiyalarla təmin edilmişdir.
"Azərbaycan"