“Azərbaycan uzun illərdir ki, regional və qlobal əhəmiyyət daşıyan layihələrin reallaşdırılmasında fəal iştirak edir. Buraya yalnız enerji deyil, eyni zamanda nəqliyyat sahəsində həyata keçirilən iri infrastruktur layihələri də daxildir. Bu təşəbbüslər praktik olaraq regionun inkişafına mühüm töhfələr verib. Bütün bunlarla yanaşı, ölkənin iqtisadi strategiyası və Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici siyasət regionda formalaşan yeni geosiyasi düzən fonunda artıq daha geniş hədəflərə yönəlib”
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Millət vəkilinin sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammiti, bir tərəfdən, Azərbaycanın geosiyasi gücünü bir daha təsdiqlədi. Digər tərəfdən isə, uzun müddət işğal altında qalmış Qarabağ torpaqlarında beynəlxalq mesajların təqdim olunmasına şərait yaratdı:
“Praktiki olaraq, illərlə Ermənistanın işğalında qalan Xankəndi artıq inkişaf mərhələsinə qədəm qoyub. Əslində, bu hadisə Xankəndinin işğaldan azad olunmasından sonra qısa zamanda inkişaf etməsinin və regionun əsas mərkəzlərindən birinə çevrilməsinin göstəricisidir.
Sammitdə qeyd olunduğu kimi, Azərbaycan iqtisadiyyatına daha çox investisiyaların cəlb olunması, əvvəlki dövrlərdə 350 milyard dollardan artıq sərmayənin ölkəyə yönəldilməsi, eləcə də regional layihələrin formalaşmasında Azərbaycanın oynadığı fəal rol, regiona olan marağın artmasına səbəb olub. Bütövlükdə, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammiti bir daha göstərdi ki, Azərbaycan əvvəlki illərdə olduğu kimi, bu gün də qlobal və regional əhəmiyyətli məsələlərin müzakirəsinə ev sahibliyi edir. Eyni zamanda, bu tədbir Qarabağın incilərindən olan Xankəndinin təkcə coğrafi deyil, həm də siyasi mövqeyinin gücləndiyini aydın şəkildə ortaya qoydu”.
Mehin Mehmanqızı