Zaqatalada minik avtomobilləri toquşub, ölən və xəsarət alanlar var.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, iki avtomobil toqquşub. Qəza zamanı üç nəfər xəsarət alıb, 1 nəfər dünyasını dəyişib. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdiriliblər. Hadisə ilə bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Şəkidə isə avtomobil qəzası nəticəsində 70 yaşlı sürücü ölüb.
Şəki rayonunun Şirinbulaq kəndindən Aydınbulaq kəndi istiqamətində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq dağ dolaylarında düzünə hərəkət edib. Maşın yoldan çıxaraq dağ yamacında üzüaşagı yuvarlanaraq kolluq əraziyə düşüb. Nəticədə sürücü 70 yaşlı Akif Əliyev hadisə yerində ölüb. Yaxınları onun biçindən gəldiyini, son dövrlər ürək tutmasından əziyyət çəkidiyini bildiriblər. İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında ürəktutması olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.
Mingəçevirdə isə avtobusun vurduğu 53 yaşlı qadın dünyasını dəyişib.
Hadisə 2 gün öncə şəhərin Heydər Əliyev prospektində baş vermişdi. Yolda təmizlik işləri aparan Mətanət Hacıyevanı Mingəçevir-Oğuz marşurtu üzrə hərəkət edən avtobus vurub. Yaralı Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qadın bu gün xəstəxanada vəfat edib. Hadisənin səbəbləri araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.