AZ

Paşinyanın Türkiyəyə bağlı planının gizli məqamları açılır: Qafqaz "nifaq alması"na çevrilib, İrəvanda Rusiya xofu yaşanır

Cənubi Qafqazda Rusiyanı bu regiondan kənarda buraxa biləcək geopolitik prosesin intensiv xarakter almaqda olduğu müşahidə edilir... Belə anlaşılır ki, bu region üçün olduqca təhlükəli və taleyüklü geopolitik savaş artıq həlledici mərhələyə keçmək üzrədir...

Cənubi Qafqazda geopolitik böhran dərinləşməkdə davam edir. Belə ki, Ukrayna savaşı ətrafında kəskin qarşıdurmaya və Yaxın Şərqin yenidən dizayn olunması prosesinə paralel olaraq, Cənubi Qafqaz uğrunda da amansız mübarizə başlayıb. Yəni hazırda Cənubi Qafqaz əsl "nifaq alması"na çevrilmiş kimi görünür. Və ona görə də, bu regionda yaxın vaxtlarda daha açıq qarşıdurma mühitinin yarana biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz indi yalnız geopolitik və geostrateji əhəmiyyəti ilə diqqəti çəkmir. Çünki bu regiona can atan qlobal supergüclərin "prioritet masası"nda geoiqtisadi hədəflər də mövcuddur. Xüsusilə də, Cənubi Qafqazın qitələrarası logistika potensialı indi əksər qlobal supergüclərin iştahını ciddi şəkildə qabardır.

Yəni, Avropa və Asiya bazarları arasında ən sərfəli "pəncərə" statusu qazanmaqda olan bu regionda yerləşmək eyni vaxtda bir neçə strateji hədəfin reallaşdırılması anlamı daşıyır. Bu baxımdan, Cənubi Qafqaz üzərində geostrateji planlar quran supergüclər regionda rəqibləri ilə ortaqlıq həvəsindən çox-çox uzaqdırlar. Və ona görə də, hazırda potensial rəqiblərin bloklanması prosesinə start vermiş kimi görünürlər.

Məsələ ondadır ki, Kreml Cənubi Qafqazı hələ də Rusiyanın nəzarətində olan geostrateji məkan hesab edir. Halbuki, dünyada gedən önəmli geopolitik proseslər qlobal situasiyanı artıq ciddi şəkildə dəyişib. İndi dünyanın ənənəvi bölgüsünə bağlı qaydalar və normalar artıq işlək deyil. Əksinə, geopolitik xaos şəraitində yeni beynəlxalq bölgü qaydaları yaranmağa başlayıb. Və bu prosesdə Rusiyanın sahib ola biləcəyi pay Kremlin tarixi ədalətsizliyə bağlı iddialarına mütənasib deyil.

Maraqlıdır ki, Kreml Ukraynaya işğalçı savaşa başlamaqla, böyük strateji xarakterli səhvə yol verib. Çünki bu savaşla keçmiş SSRİ-nin sərhədlərini bərpa etmək planlarının önünü açmaq niyyətində olan Kreml əslində, Rusiyanın postsovet məkanında digər təsir zonalarını da itirməsini sürətləndirib. Bu baxımdan, Cənubi Qafqaz da artıq Rusiya üçün itirilməkdə olan region sayılır. Və Kremlin indi bu regionu yenidən xaosa sürükləməklə, Rusiyanın təsir dairəsinə qaytara biləcəyi qətiyyən real deyil.

Cənubi Qafqazda bir çox ənənəvi geopolitik prinsiplər Rusiyanın əleyhinə dəyişib. Azərbaycan Rusiyanın regional hegemoniyasına xidmət edən olduqca önəmli təsir mexanizmlərini dəyişib. Belə ki, rəsmi Bakı Azərbaycanın işğal olunmuş əraziləri azad edib. İndi ərazi bütövlüyü artıq təmin olunmuş Azərbaycanın sərhədləri toxunulmazdır. Və bütün bunlarla yanaşı, NATO-nun avanqard ölkələrindən olan Türkiyə ilə strateji müttəfiqlik, eləcə də, iqtisadi müstəqilliyinin təmin olunması Azərbaycanı Rusiya üçün əlçatmaz edir.

Digər tərəfdən, Azərbaycanla yekun sülh sazişinin mətnini artıq tamamilə razılaşdırmış Ermənistan da Rusiyadan uzaqlaşma siyasəti yürüdür. Belə ki, Kremlin bütün təzyiqlərinə baxmayaraq, Paşinyan hakimiyyəti Ermənistanın Qərbə inteqrasiya kursunda hələlik israrlı mövqe tutur. Ancaq rəsmi İrəvanın Rusiyanın təzyiqlərinə duruş gətirməsi onun Ermənistan üçün daha doğru tərəfdaş seçmə qabiliyyətindən asılı olacaq. Və Paşinyan hakimiyyəti bu qəliz problemin yalnız Qərbin siyasi bəyanat dəstəyindən uzağa getməyən çoxsaylı vədləri həll olunmayacağını da tam dəqiqliyi ilə bilir.

Ona görə də, Paşinyan hakimiyyəti Ermənistana daha etibarlı və sərfəli tərəfdaşlar axtarır. Mövcud situasiyada rəsmi İrəvan üçün Ermənistanın Rusiyadan asılılığını minimuma endirməkdə yardımçı ola biləcək potensial tərəfdaşların sayı o qədər də çox deyil. Hətta onların sırası Azərbaycan və Türkiyə ilə məhdudlaşmış kimi görünür. Və Paşinyan hakimiyyətinin son vaxtlar Azərbaycan-Türkiyə İttifaqına qarşı ənənəvi erməni narrativlərini hədəfə alması da böyük ehtimalla bu reallıqdan qaynaqlanır.

Göründüyü kimi, Ermənistanı blokadadan çıxartmağa, Qərbə inteqrasiya kursunu davam etdirməyə cəhd göstərən rəsmi İrəvanın indi Azərbaycan və Türkiyəyə böyük ehtiyacı var. Ona görə də, Paşinyan hakimiyyəti Ermənistan daxilində ciddi müqavimətlə üzləşsə də Azərbaycan və Türkiyə ilə ortaq təmas nöqtələri axtarır. Hətta baş nazir Nikol Paşinyan yeni əməkdaşlıq mərhələsinin başlanılması üçün Azərbaycan və Ermənistanı Qurban Bayramı münasibətilə rəsmən təbrik etməkdən belə, çəkinmədi. Və erməni radikal-revanşist siyasi düşərgənin mövqeyinə zidd manevrlər etməyə hazır olduğunu biruzə verdi.

Digər tərəfdən, baş nazir Nikol Paşinyan şəxsi təşəbbüsü ilə Türkiyəyə səfərə getdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək, Cənubi Qafqazda yaranmaqda olan yeni situasiyanın detallarını müzakirə etdi. Üstəlik, həmin səfərdən sonra iki ölkə arasında siyasi-diplomatik münasibətlərin qurula biləcəyinə yönəlik həm açıq, həm də dolayısı mesajlar verildi. Və eyni zamanda, bütün bunların pozitiv mərhələyə yol açması üçün rəsmi Ankaranın Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanması ilə bağlı prinsipial şərti növbəti dəfə qabardıldı.

Belə anlaşılır ki, Cənubi Qafqazda yeni mərhələ böyük sürətlə yaxınlaşır. Rəsmi İrəvan Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanacağı həm yerin, həm də zamanın müzakirəsinə hazır olduğunu indi daha tez-tez təkrarlayır. Üstəlik, iyul ayının sonlarında Azərbaycan və Ermənistan liderlərinin görüşünün ola biləcəyi barədə ilkin məlumatlar da gündəmə gətirilməkdədir.

Yəni, Cənubi Qafqazda Rusiyanı bu regiondan kənarda buraxa biləcək geopolitik prosesin intensiv xarakter almaqda olduğu müşahidə edilir. Çünki əgər, rəsmi Bakının iki önəmli şərti icra olunarsa və Azərbaycan-Ermənistan yekun sülh sazişi imzalanarsa, bu, Kremlin maraqlarına bağlı olan daha bir regional təsir mexanizminin tamamilə ləğv edilməsi anlamı daşıyacaq.

Kremlin isə Cənubi Qafqazı tam itirməsi prosesini ləngitmək üçün Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanmasına əngəl törətməyə çalışacağı qətiyyən şübhə doğurmur. Bu baxımdan, Rusiyanın Cənubi Qafqazda regional sabitliyi pozmağa yönəlik planları işə sala biləcəyi də istisna deyil. Və bu, o deməkdir ki, region üçün olduqca həm təhlükəli, həm də taleyüklü geopolitik proseslər artıq həlledici mərhələyə keçmək üzrədir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Seçilən
2
13
musavat.com

10Mənbələr