AZ

Strateji tərəfdaşlıqda mühüm amil

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasında mövcud münasibətlərin dərinləşməsindən xəbər verir. Səfər çərçivəsində mətbuata birgə bəyanatla çıxış edən dövlət başçıları bir sıra məqamlara toxundular. Dövlət başçısı İlham Əliyev Azərbaycan Özbəkistan münasibətlərinin dostluq-qardaşlıq münasibətlərində olduğunu bildirib: “Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.”

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə qeyd edib ki, iki ölkə arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi üzrə yeni təkliflərin hazırlanması labüddür: “Bu yöndə səmərəli mexanizm olan Ali Dövlətlərarası Şuranın birinci iclasını keçirdik. Bilirsiniz, biz İlham Heydər oğlu ilə həmişə razılığa gəlirik, tapşırıq veririk, həm də nəzarət edirik. Azərbaycandakı birinci görüşümüzdə əməkdaşlığın on istiqaməti müəyyən edildi. Məmnunluqla və əminliklə demək istəyirəm ki, razılaşmaların heç biri kağız üzərində qalmayıb. Bizim real nəticələrimiz var. Bu gün 20 yeni istiqamət götürmək üzrə razılıq əldə etmişik, bu, əməkdaşlığımızın real istiqamətləridir və İlham Heydər oğlu məmnuniyyətlə qəbul etdi. Zənnimcə, indi dərindən məşğul olacağımız sahələr, istiqamətlər var”.

Onu da qeyd edək ki, səfər çərçivəsində Bakıda Özbəkistan səfirliyinin yeni binasının açılması, “Özbəkistan” parkının təməlinin qoyulması və mədəni-humanitar layihələrin təşviqi münasibətlərin simvolik qatını gücləndirir. Eyni zamanda Füzuli rayonunda Mirzə Uluqbəy adına məktəbin tikilməsi və 2023-cü ildə istifadəyə verilməsi bu münasibətlərin mənəvi və praktiki ifadəsidir.

Ümumilikdə 2022-2024-cü illər ərzində hər iki dövlət başçılarının qarşılıqlı səfərləri, o cümlədən İlham Əliyevin üç dəfə Daşkəndə səfər etməsi və Mirziyoyevin azad edilmiş ərazilərə baş çəkməsi, siyasi mesajdan daha çox ideoloji və tarixi bağlılığın nümayişidir. Bu səfərlər münasibətlərin protokol xarakterini aşaraq xalqlar arasında da qarşılıqlı rəğbətə çevrilib.

Bütün bunların fonunda bu səfər Azərbaycan Özbəkistan münasibətlərində mühüm dönüş nöqtəsi kimi yadda qalacaq. Həm dostluq, həm də müttəfiqlik ruhunda keçən bu səfər ikitərəfli münasibətlərin strateji səviyyəsini bir daha təsdiqləyir.

 

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

 

Seçilən
7
4
adalet.az

10Mənbələr