AZ

Bayraq var, konstitusiya var, dövlət YOX! – Ermənistanda fəlakət günüdür

Bu gün – iyulun 5-i Ermənistanda konstitusiya günüdür. O konstitusiya ki, erməni xalqına bədbəxtlik və faciələrdən savayı heç nə gətirməyib. Yəni əslində bu bir fəlakət günü, fəlakət rəmzi. Bu sənəd hətta olmayan, simvolik dövlətin konstitusiyası kimidir.

Gerçək belədir ki, Ermənistan adında dövlətin bərqərar olması və öz qonşuları ilə normal əlaqələr qurmasına ən böyük əngəl elə onun indiki konstitusiyadır. Nə vaxt ki, iqtidarlı-müxalifətli erməni cəmiyyəti bunu bütün ciddiliyi ilə anlayacaq, onda bəlkə o, həqiqi inkişaf və rifah yolunu tapa bilə. Bu xüsusda təhlükə və təhdidin miqyasını yenə qismən Nikol Paşinyan hökuməti dərk edir. O da əlbəttə, “Dəmir yurmruq”dan sonra...

Ötən həftəsonu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərə açıqlamasında bildirib ki, yaxın iki həftə ərzində konstitusiya islahatları üzrə Şuranın iclası çağırılacaq və ondan sonra geniş ictimai müzakirələr təşkil olunacaq. Onun sözlərinə görə, yeni “Əsas Qanun”un mətni hazır deyil, bu səbəbə nazir indidən detalları açıqlamaqdan imtina edib. Qalyan bildirib ki, Şura ilkin mərhələdə əsas prinsipləri müzakirə edəcək.

“Bəzi məsələlər üzrə aydınlıq olsa da, digərləri hələ açıq qalır. İctimai müzakirələrin nəticəsində çox şey dəyişə bilər,” – deyə o, diqqətə çatdırıb. Qalyan həmçinin deyib ki, konstitusiya layihəsinin hazırlanması üçün əvvəlcədən müəyyən edilmiş vaxt dəyişməyib – sənəd gələn ilin yazında hazır olacaq. Referendumun vaxtı da hələlik qeyri-müəyyəndir. Buna müzakirələr nəticəsində qərar veriləcək.

Cari ilin yanvarında isə Qalyan bəyan etmişdi ki, konstitusiyasının yeni mətni 2026-cı il parlament seçkilərinə qədər (iyun) hazır olmalıdır. Jurnalistlərin “Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın saxlanılıb-saxlanılmayacağı” ilə bağlı sualına cavab olaraq isə nazir bildirib ki, bu məsələyə Konstitusiya İslahatları Şurası qərar verəcək. Yəni istisna deyil...

Yada salaq ki, sözügedən istinadın konstitusiyadan çıxarılmasını rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün əsas şərt-tələb kimi qoyur. Çünki dəfələrlə vurğulandığı kimi, Azərbaycan Paşinyan iqtidarı ilə deyil, erməni xalqı ilə sülh müqaviləsi imzalamaq istəyir. Elə bir sülh sazişi ki, bütün zamanlar üçün, qonşu ölkəyə kimin başçılıq etməsindən asılı olmayaraq qüvvədə olsun.

Buna isə əlbəttə ki, erməni xalqı qərar verməlidir - referendumda. Ayrı sözlə, bədnam qonşular son dəfə hərblə sülh arasında düzgün seçim etməlidir. Yalnız o zaman onların legitim dövləti və həmin dövlətin işlək konstitusiyası ola bilər. Təəssüf ki, rəy sorğuları pozitiv nəticədən danışmağa imkan vermir. Ümid edək, zamanla “miatsum” təfəkkürü kardinal dəyişikliyə uğrayacaq və bölgədə müharibə riski həmişəlik aradan qalxacaq...

İnsafən, Paşinyan hökuməti bu yöndə müəyyən səylər göstərir. O sırada “real Ermənistan” narrativi ilə xəstə erməni şüurunu “müalicə etməyə” çalışır. Radikal-revanşist düşərgədəki son həbsləri bu strategiyanın tərkib hissəsi sayanlar da var. 2025-ci ilin aprelində Nikol Paşinyan demişdi ki, konstitusiyanın yeni mətnində “Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır, lakin buna Ermənistan xalqı qərar verəcək” (Maraqlıdır ki, Baş nazir Konstitusiya Günü ilə bağlı öz xalqını hələ ki, təbrik etməyib).

Yaxud belə bir fakt. 44 günlük müharibədən az sonra rəsmi İrəvan Bakıdakı xarici diplomatların Şuşaya getməsinə belə qıcıqlı reaksiya göstərirdi. Amma ECO-nun Xankəndidəki dünənki sammitinə hər hansı isterik reaksiya olmadı. Bu – irəliləyişdir. Amma yetərli deyil. Yetərli o zaman olacaq ki, Ermənistan konstitusiyası beynəlxalq hüquqa uyğunlaşdırılacaq. Beləcə, Ermənistan adlı simvolik dövlət, nəhayət, öz “qınına” çəkiləcək.

Nikol Vovayeviç və komandasının buna gücü, iradəsi, resursu, zamanı çatacaqmı? Bu il görəcəyik...

Z. SƏFƏROĞLU

Seçilən
9
24
musavat.com

10Mənbələr