Azərbaycan–Özbəkistan arasında dərin tarixi köklərə malik dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan və özbək xalqları ortaq mədəniyyət, eyni dil ailəsinə mənsubiyyət, dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlıdır. Bu bağlar tarixlə, gen yaddaşı ilə möhkəmlənib. Bu münasibətlər yalnız dostluq səviyyəsində deyil, həm də hərtərəfli və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir.
Strateji münasibətlərin ideya əsasları böyük siyasi uzaqgörənliklə hələ sovet dövründə qoyulmuşdur. 1970-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyev və Özbəkistanın o zamankı rəhbəri Şərəf Rəşidov arasında şəxsi dostluq və qarşılıqlı hörmət əlaqələri bu gün də dərin hörmətlə yad edilir. Ulu Öndər Heydər Əliyev özbək xalqına daim xüsusi rəğbət bəsləmiş, bu münasibət sonradan yüksək səviyyəli dövlətlərarası əlaqələrdə davam etdirilmişdir.
Əlaqələrimizin bugünkü mənzərəsinə nəzər salsaq görərik ki, Ulu Öndərin təməlini qoyduğu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bəhrəsini verir. Azərbaycan və Özbəkistan arasındakı strateji müttəfiqliyin möhkəmlənməsində Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında yaranmış şəxsi münasibətlər mühüm amil kimi çıxış edir. Məhz bunun sayəsində son illərdə Azərbaycan–Özbəkistan əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir.
Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir. Bu gün Azərbaycan və Özbəkistan regionun sabitliyi və inkişafında əsas aktorlardan birinə çevrilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana növbəti səfəri isə strateji əməkdaşlığın yeni sferalarını müəyyənləşdirdi.
Belə ki, İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd olunur ki, “İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq”.
Ölkə Prezidenti onu da vurğuladı ki, Qarabağın bərpası istiqamətində atılan addımlar içərisində Özbəkistanın yardımını biz unutmuruq: “Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub”.
Ümumilikdə Özbəkistan Prezidentinin səfəri çərçivəsində imzalanan sənədlər ölkələrimiz arasındakı diplomatik münasibətlərin yeni perspektivlərini müəyyənləşdirməklə yanaşı, ortaq milli dəyərlərin qorunub yaşadılması, strateji müttəfiqliyin təkmilləşməsinə yeni imkanlar açacaqdır.
İyul səfəri çərçivəsində Bakıda Özbəkistan səfirliyinin yeni binasının açılması, “Özbəkistan” parkının təməlinin qoyulması və iki ölkə arasında mədəni-humanitar layihələrin təşviqi bu münasibətlərin simvolik və ictimai aspektini gücləndirir. Diplomatiyada simvollar bəzən sənədlərdən daha çox mesaj verir. Yeni səfirlik binası dövlətlərin qarşılıqlı hörmətinin və diplomatik təmsilçiliyin rəmzidirsə, “Özbəkistan” parkı bu hörmətin ictimai-mədəni yaddaşda yerləşdirilməsinin təzahürüdür.
Deməli, müttəfiqliyin siyasi mahiyyəti mədəni simvolizm vasitəsilə ictimai əsaslandırmaya çevrilir. Atılan addımlar xalqlar arasında qarşılıqlı hörmətin, ortaq mədəni yaddaşın və tarixi yaxınlığın davamlı şəkildə dirçəldilməsinə xidmət edir. Bütövlükdə Azərbaycan–Özbəkistan əlaqələrinin yüksələn xətlə inkişafı göstərir ki, bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütün Türk dünyasının gələcəyi üçün strateji resursa çevrilməkdədir.