BAKI, 5 iyul. TELEQRAF
Bakıda İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluq ittihamları ilə saxlanılan iki Rusiya vətəndaşının anaları şərait barədə danışıb.
Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlanılan Sergey Sofronovun anası Mariya Rusiya səfirliyinin əməkdaşlarının iyulun 4-də həbs edilənlərlə görüşdüyünü bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxslərə qarşı münasibət neytraldır, onlar iki nəfərlik kameralarda yerləşdiriliblər, şərait və qidalanma isə yaxşıdır.
35 yaşlı Aleksandr Vayseronun anası İnna da açıqlamasında saxlanma şəraitindən şikayət etmir.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə ümumilikdə 8 nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.