AZ

"Bütün məlumatlar elektron bazada var, bəs niyə yenidən yükləmə etməliyik?" - Mütəxəssisdən SƏRT REAKSİYA

İT mütəxəssisi Fərhad Mirəliyev e-AHİK sistemindəki problemlərlə bağlı Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, e-AHİK elektron rezervasiya sisteminin təqdimatı bu sahədə gedən proseslərin əlçatanlığı, şəffaflığı və operativliyinin təmin edilməsində yeni mərhələ olmalı idi. Lakin gözlənilən nəticə hələ ki, yoxdur:

"İttifaq üzvlərinin sosial rifahının yüksəldilməsi, mal və xidmətlərə daha sərfəli çıxış imkanlarının yaradılması hamı tərəfindən sevinclə qarşılandı. Lakin istifadəçilərin sistemdən istifadə təcrübəsi vəd olunan funksionallıqla uzlaşmır.

İstifadəçi təcrübəsi texniki tapşırıq və sistemin özündə bəzi çatışmazlıqların olduğunu üzə çıxarır. Beləki, yollayışın alınması zamanı, müraciətçiyə aid bir çox dataların sistemə daxil edilməsi tələb olunur ki, bu proses çox yorucudur:

-Müraciətçinin fərdi məlumatları – ad, soyad, doğum tarixi, ailə vəizyyəti və s. FİN kod əsasında bu məlumatlar İƏMƏS-dən əldə edilə bilər.

-İş yeri və stajla bağlı məlumatlar – İş yerinin VÖEN-i, vəzifəsi və s. Bu məlumatlar e-sosial portalından əldə bilər.

-Sosial status məlumatları – Şəhid ailəsi, əlillik və s. Yenə də bu məlumatlar elektron hökümət portalında əlçatandır.

-Şəxsiyyət vəsiqəsinin elektron nüsxəsi istənilir hansı ki, e-gov.az portalında vardır

Qeyd olunan məlumatlar əlavə olaraq digər ailə üzvləri üçün də istənilir. Bundan əlavə:

-Doğum şəhadətnamələri

-Sosial statusla bağlı sənədlər

-Nikah şəhadətnamələri də yüklənməsi istənilən sənədlər sırasındadır.

Rəqəmsal transformasiyanın vüsət aldığı çağdaş bir dönəmdə, bütün qeyd olunanların e-gov.az portalında mövcudluğu fonunda, müraciətçi iş yerinin VÖEN-i axtarıb tapmalı və sistemə qeyd etmək məcburiyyətindədir. Bir xeyli sayda sənəd skan olunaraq portala yüklənməlidir, bir halda ki, bütün bu məlumatlar artıq elektron sistemlərdə vardır. Demək ki, inteqrasiya prosesi tam həyata keçirilməyib".

Mütəxəssis qeyd edib ki, sanatoriya- kurort mərkəzlərinin seçimi zamanı böyük bir seçim təqdim edilir:

"İstirahət mərkəzlərində yerlərin məhdud sayda olduğunu nəzərə alsaq, siyahıya nəzər saldıqda rezervasiya edilmiş və hal-hazırda boş qalan yerlər haqqında məlumat əldə etmək olmur. Sistemə hər dəfə giriş etdikdə demək olar ki, eyni siyahı üzrə sanatoriya- kurort mərkəzləri görünür. Yəni uğurlu rezervasiyalar olduqca, siyahı yenilənmir, rezerv olunmuş yerlərin təkrar seçilməsi üçün imkan yaranmış olur. Beləliklə, vəd olunan əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsi sual altına düşür.

Müraciətçilərin yerləşdirdiyi rezervasiya sorğuları da sistemdə gözləmə rejimində qalır, inzibatçı və ya operator tərəfindən qəbul və ya imtina ilə bağlı reaksiya verilmir. Müşahidə etdiyimiz dövr ərzində bir neçə müraciətçinin şəxsi səhifələrinə yerləşdirilən rezervasiya sorğuları “təsdiq gözlənilir” rejimində qalmaqdadır. Bunun sistem xətası və yaxud münasibət bildirməli olan operatorun etinasızlığı olması haqda məlumat yoxdur. Bu cür hallar müraciətçinin, e-ahik platformasından kənarda da, istirahətin təşkili istiqamətində uğursuz və ya yubanmış planlama həyata keçirməsinə səbəb olur".

 

Xalidə Gəray
Musavat.com

Seçilən
9
50
musavat.com

10Mənbələr