AZ

Süni intellekt sosial media fırıldaqlarını artırdı - Bəs nə etməliyik?

Kibertəhlükəsizlik şirkəti "Kaspersky" sosial media və mesajlaşma tətbiqləri vasitəsilə həyata keçirilən yeni fırıldaq üsullarına qarşı istifadəçiləri xəbərdar edib. Ekspertlər bildirir ki, saxta saytlar və "oltalama" (phishing) texnikaları ilə fərdi məlumatları ələ keçirməyə yönəlmiş hücumlar son dövrlərdə ciddi artım göstərib.

Valyuta.az xəbər verir ki, "WhatsApp", "Instagram", "TikTok", "Facebook", "X" və "Telegram" kimi geniş istifadə olunan platformaları hədəf alan bu fırıldaqlar sosial mühəndislik və saxta interfeyslərlə həyata keçirilir. "Kaspersky" mütəxəssisləri bildirirlər ki, xüsusilə hesab təsdiqləmə tələbləri, pulsuz izləyici vədləri və saxta təhlükəsizlik bildirişləri istifadəçilərin şəxsi məlumatlarını əldə etmək məqsədi daşıyır.

"Kaspersky"nin təqdim etdiyi məlumatlara əsasən, dələduzlar platformaların rəsmi interfeysini təqlid edən saxta səhifələrlə istifadəçiləri aldadaraq telefon nömrəsi, təsdiqləmə kodları və ya hesab parollarını ələ keçirməyə çalışır. Ən çox rast gəlinən fırıldaq ssenariləri bunlardır:

* Saxta təsdiqləmə səhifələri: İstifadəçilər "WhatsApp" və ya digər tətbiqlərin rəsmi səhifəsi kimi görünən saxta saytlara yönləndirilir və burada hesab məlumatlarını daxil etməyə təşviq olunurlar.

* Pulsuz izləyici tələləri: Xüsusilə "Instagram"da "izləyici sayını artırın" vədi ilə istifadəçi adı və parol toplanır.

* "TikTok Shop" fırıldağı: "TikTok"un e-ticarət funksiyasını hədəf alan saxta mağaza səhifələri vasitəsilə satıcıların giriş məlumatları ələ keçirilir.

* Saxta təhlükəsizlik bildirişləri: İstifadəçiyə hesabında şübhəli fəaliyyət olduğu barədə xəbərdarlıq göndərilir və saxta formaları doldurması istənilir.

"Kaspersky META"nın istehlakçı kanalı üzrə rəhbəri Seyfullah Cədidi məsələ ilə bağlı bildirib: "Sosial media artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Süni intellektlə hazırlanan fırıldaq üsulları isə daha fərdiləşdirilmiş və inandırıcı olur. İstifadəçilərin maariflənməsi və güclü kibertəhlükəsizlik həllərinə üstünlük verməsi bu təhdidlərə qarşı mübarizədə həlledici rol oynayır".

"Kaspersky"dən təhlükəsizlik üçün 5 əsas tövsiyə:

1. Şübhəli keçidlərdən uzaq durun: İnanılmaz vədlər verən keçidlərə tıklamadan əvvəl mənbənin etibarlılığını yoxlayın.

2. Şəxsi məlumat paylaşarkən ehtiyatlı olun: Doğum tarixi, ev heyvanının adı kimi sosial mediada paylaşdığınız məlumatlar parol təxminində istifadə oluna bilər.

3. Güclü parollar seçin və iki faktorlu identifikasiya tətbiq edin.

4. Məxfilik parametrlərini mütəmadi yoxlayın: İstifadə etmədiyiniz tətbiqlərə verilmiş icazələri ləğv edin.

5. Etibarlı kibertəhlükəsizlik proqramlarından istifadə edin: Bu proqramlar sizi saxta saytlar və məlumat sızmaları barədə xəbərdar edir.

Paşa Məmmədli

Seçilən
31
50
valyuta.az

10Mənbələr