“Rəhbərlik bu qərarı məcburiyyətdən verdi, çünki vaxtımız çox azdır“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Karvan“ın baş məşqçisi Kənan Kərimov deyib.
Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Karvan” ev oyunlarını Yevlaxda keçirməyi planlaşdırır.
Bu üzdən də “sarvanlar“ stadionda təmir işlərinə başlayıb. Meydanın ot örtüyünün dəyişdirilməsinə start verilib.
Amma... Plan yenə dəyişib.
Yeni qazon süni olacaq. Bu, son qərardır.
“Karvan“ rəhbərliyi komandanın başqa yerə köç etməsinii istəmədiyi üçün təbii otdan imtina edib. Çünki belə olsa, gərək kollektiv minimum 8-10 ay doğma rayondan uzaq düşsün.
Lakin “Karvan“ 16 il sonra qayıtdığı elitanın həyacanını yevlaxlı azarkeşlərdən uzaq qeyd etməyi riskli sayır. Onlara görə, yerli publikadan kənar düşmək futbolçuların motivasiyasını azaldacaq, bu isə təhlükəlidir.
“Sarvanlar“ liqada qalıcı olmaq niyyətindədir. Güman edirlər ki, yalnız yevlaxlı tərəfdarların güclü dəstəyi sayəsində həmin vəzifənin öhdəsindən gəlmək mümkündür.
K.Kərimovu dinləyək: “Əgər biz meydanı ot etsək, gərək toxum səpiminə sentyabrda başlayaq. Otun bitməsi, hazır vəziyyətə gəlməsi çox vaxt aparacaq. Ən azı 8-9 ay çəkəcək. Həmin vaxt da çempionat başa çatacaq. Bəs biz harada oynayaq? Stadion azlığından hamı əziyyət çəkir. Gedib Bakıda, Sumqayıtda oynayası deyilik ki… Yevlaxlı azarkeşləri də düşünməliyik. Onlar “Karvan”ın 12-ci oyunçusudur. Azarkeşlərimiz olmasa, komandamız çox çətinlik çəkər. Yevlax camaatının verdiyi dəstək sayəsində Birinci Liqada uğurlu çıxış etdik. Premyer Liqada onların dəstəyinə ehtiyacımız daha böyükdür”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta