AZ

Unudulmaz Özbəkistan görüşləri

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

İctimai fəaliyyətimlə əlaqədar dünyanın bir çox ölkəsinə səfərlər etmişəm. Vəzifəm Türk dünyası ilə bağlıdır deyə, qardaş ölkələrdə daha çox olmuşam.

Ötən ilin may ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı, rəhbəri olduğum Azərbaycan–Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan–Türkiyə Evinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış – Türk Dünyası Sammiti” keçirmişdik. Amma bütün bunlarla yanaşı, Özbəkistana indiki səfərim mənim üçün bir neçə baxımdan xüsusi dəyərə malikdir. Əvvəla, bu, millət vəkili kimi ilk xarici səfərim idi. Dəfələrlə ölkədən kənarda tədbirlərə qatılsam da, Birinci Özbəkistan–Azərbaycan Parlamentlərarası Forumda iştirak edən nümayəndə heyətinin tərkibində, rəsmi statusda ölkəni təmsil etmək ayrıca bir qürur hissidir.

Forumla bağlı təəssüratlarıma keçməzdən öncə qeyd edim ki, Azərbaycan–Özbəkistan qardaşlığı sovet dönəmində belə özünün yüksəliş dövrünü yaşayıb. Heydər Əliyev və Şərəf Rəşidov ikitərəfli əlaqələrin genişlənməsini təmin ediblər. Özbək dostlarımız etiraf edirlər ki, hətta o zaman qondarma “pampıq işi” ilə əlaqədar ağır günlərdə də Ulu öndərimiz Özbəkistanın təəssübünü çəkib. Onun orada baş verən proseslərə həssaslıqla yanaşması, Moskvada yüksək dövlət vəzifəsi tutmasına baxmayaraq, hazırlanan provokasiya və repressiyalar barəsində Şərəf Rəşidovu xəbərdar etməsi özbək xalqının unutmadığı tarixdir. Bu gün iki ölkənin prezidentləri arasındakı səmimi münasibətlər qardaş xalqların yeni tarixinin parlaq səhifələridir.

Biz həm də özbək qardaşlarımızla eyni ağrını bölüşmüşük. Ötən əsrin əvvəllərində bolşeviklərin dəstəyi ilə Daşnaksütun partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı törədilən soyqırımı yaddaşlarda dərin iz salıb. Ümumilikdə həmin hadisələr zamanı 35 minə yaxın özbək öldürülüb. 30-cu illərdə kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sürgün edilib və orada sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da fədakarlıq göstəriblər. Onu da unutmuruq ki, Azərbaycan və özbək xalqları SSRİ-nin son dönəmində, ələlxüsus Mixail Qorbaçovun hakimiyyəti zamanı da müxtəlif sahələrdə ayrı-seçkiliyin ağrısını yaşayıblar. 1989-cu ilin iyununda baş vermiş Fərqanə hadisələri SSRİ rəhbərliyinin, ələlxüsus M.Qorbaçovun türk düşmənçiliyinin bariz nümunəsi idi. 20 Yanvar və qondarma Sumqayıt hadisələrində də eyni dəst-xətti görmək mümkündür. Qeyd edim ki, hazırda Özbəkistanda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, orada Ermənistan səfirliyi və Ermənistanda isə Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Bizimlə bütün bu tale və milli kök ortaqlığı Özbəkistanda hər addımda hiss olunur. Fərəhli haldır ki, bu gün 100 minə yaxın soydaşımız Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi inkişafında fəal iştirak edir.

Foruma gəldikdə isə deyim ki, tədbirin keçirildiyi Xivə şəhəri hər birimizin yaddaşında silinməz iz buraxdı. Bizim mənəvi ruh paytaxtımız olan Şuşa ilə qardaşlaşmış Xivə Mərkəzi Asiyanın ən bərəkətli, yaşıl Xarəzm vadisində yerləşir. 2500 ildən artıq yaşı olan Xivə klassik Şərq üslubunun bütün gözəlliklərini özündə saxlamaqla bərabər, həm də müasir şəhərdir. Forumun rəsmi hissəsindən kənar Azərbaycan nümayəndə heyətinin tarixi Xivə ilə tanışlığı ayrıca xoş təsir bağışladı. Bu məsələdə Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın bizə göstərdiyi qayğı və diqqət xüsusi qeyd olunmalıdır. Məhz onun birbaşa iştirakı ilə 25 hektar ərazidə tikilmiş Arda Xivə kompleksi, “Nurullaboy” saray kompleksi ilə tanışlıq oldu.

Məlumat üçün onu da bildirim ki, Birinci Özbəkistan–Azərbaycan Parlamentlərarası Forumu Azərbaycan Milli Məclisinin hər hansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur. Bu fakt təkcə parlamentlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisi deyil, həm də ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir. Bu rəsmi müzakirələrdə də özünü göstərdi. Forum çərçivəsində keçirilən müzakirələrdə həm Azərbaycandan, həm də Özbəkistandan olan millət vəkilləri çıxışlarında bu haqda geniş danışdılar.

Forumun birinci panel sessiyası Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin moderatorluğu ilə “Strateji tərəfdaşlığın inkişafında parlamentlərin rolu: qanunvericilik təşəbbüsləri, yüksək səviyyədə əldə olunmuş razılaşmalar və onların həyata keçirilməsinə nəzarət” mövzusunda keçirildi. “İqtisadi tərəqqiyə parlament dəstəyi: biznes və investisiyalar üçün yeni imkanlar” mövzusunda keçirilən ikinci panel müzakirələrinə isə Milli Məclisin deputatı Ziyad Səmədzadə moderatorluq etdi. Deputat Bəxtiyar Əliyevin moderatorluğu ilə “Əqli kapital və rəqəmsal transformasiya: parlamentlərarası əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda üçüncü, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun moderatorluğu ilə “Mədəniyyət, turizm və səhiyyə sahələrində parlamentlərarası əməkdaşlıq” mövzusunda dördüncü panel müzakirələr aparıldı. Beşinci yığıncaq “Yaşıl gələcək: ətraf mühitin mühafizəsində və iqlim dəyişikliyinə qarşı mübarizədə parlamentlərin rolu” mövzusuna həsr olundu. Forumun sonuncu – altıncı panel yığıncağında isə “Cəmiyyətin və dövlətin inkişafında qadınların və gənclərin səsi: parlament perspektivi” mövzusunda müzakirələr oldu. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu müzakirənin aparıcısı idi.

Bundan başqa nümayəndə heyətlərinin qadın deputatları arasında ayrıca görüş keçirildi. Mənimlə yanaşı Fatma Yıldırım, Könül Nurullayeva və Günay Əfəndiyevanın iştirak etdiyi bu görüşdə Özbəkistan Ali Məclisi Senatının üzvləri ilə çox səmimi söhbətimiz oldu. Bu kimi görüşlərdə özbək və Azərbaycan türkcəsində danışır, bir birimizi gözəl anlayırdıq. Yeri gəlmişkən, həm Azərbaycan, həm də Özbəkistan parlament rəhbərlərinin xanım olmaları qədim türk dövlət gələnəyində belə qadınların yüksək mövqe tutduğunun çağımızdakı təsdiqidir. Bu fakt dünya üçün də türk düşüncəsi baxımdan bir örnək olmalıdır. Forumun rəsmi hissəsində və qeyri-rəsmi söhbətlərdə Azərbaycan parlamentinin spikeri Sahibə Qafarovanın və Özbəkistan qanunverici orqanının rəhbəri Tənzilə Narbayevanın dövlət xadimi kimi keyfiyyətləri bizdə qürur hissi yaratdı. Özbəkistanda Azərbaycanın xanım spikerinin yüksək diplomatik bacarığının, dövlət xadiminə xas davranışlarının və böyük intellektual bazaya söykənən natiqliyinin bir daha şahidi oldum. Forumun işçi dili rus dili idi. Buna baxmayaraq, Sahibə xanım açılış nitqində hər tədbir iştirakçılarını Azərbaycan dilində salamladı, giriş çıxışını doğma dilimizdə etdi və yalnız bundan sonra işçi dilə keçdi. Bu çox qürurverici bir hadisə idi. Onun çıxışında dövlətlərarası münasibətlərlə bərabər xalqların yaxınlığını bir kökdən, türk kökündən gəlməyimizi vurğulaması da ayrıca bir mesaj idi.

Ümumiyyətlə, forumda olan çıxışların real təsdiqi isə Özbəkistan Prezidentinin ölkəmizə son səfərində bir daha özünü göstərdi. Bu görüşlər Böyük Türk birliyinə gedən yolun qızıl təməl daşlarıdır və Azərbaycan bu birliyi yaradıb gücləndirən əsas tərəflərdən biridir.

Tənzilə RÜSTƏMXANLI,Milli Məclisin deputatı, Azərbaycan–Türkiyə Qadınlar Cəmiyyətinin sədri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
6
xalqqazeti.az

10Mənbələr