"Nümayəndə heyətimiz iyunun 30-da və iyulun 1-də Özbəkistanda işgüzar səfərdə olub. Səfərdə məqsəd Birinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək idi. Səfərdə 28 deputatımız, o cümlədən Milli Məclisin sədr müavini, 7 komitə sədri, 6 komitə sədrinin müavini və müxtəlif komitələrin 13 üzvü iştirak etmişdir. Deputatlardan 9 nəfəri qadınlar idi".
Hafta.az xəbər verir ki, bunu bu gün Parlamentin plenar iclasında çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova deyib.
S.Qafarova qeyd edib ki, bu tədbir Milli Məclisin hər hansı digər ölkənin qanunvericilik orqanı ilə keçirdiyi ilk forumdur. Onun sözlərinə görə, toplantının yekunlarını nəzərə alaraq inamla söyləmək olar ki, forum parlamentlərimiz arasında əməkdaşlığın səmərəli bir mexanizminə çevriləcək:
"İyulun 1-də Xivə şəhərində işə başlayan forumda “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” mövzusunda müzakirələr aparıl. Çıxışımda dost və qardaş ölkə Azərbaycan-Özbəkistan münasibətlərinin dərinləşməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərini qeyd etdim. Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkələrimizin hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etdiyini vurğuladım. 2024-cü ildə Azərbaycanla Özbəkistan arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandıqdan sonra ölkələrimizin ikitərəfli münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini bildirdim. Qanunvericilik orqanları arasında əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərimi bölüşdüm. Qeyd etdim ki, “Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında əməkdaşlıq haqqında Saziş”in imzalanması, “Yol xəritələri”nin həyata keçirilməsi, habelə beynəlxalq parlament strukturlarında bir-birimizə davamlı qarşılıqlı dəstək göstərilməsi əlaqələrimizin yüksək səviyyəsini nümayiş etdirir".
S.Qafarova vurğulayıb ki, forum çərçivəsində keçirilən 6 panel sessiyasında bir çox mühüm məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb. Sədr əlavə edib ki, sessiyalarda 22 deputatımız fəal iştirak edib. Müzakirələrdə 6 deputatımız moderatorluq edib, 16 deputatımız isə fərqli mövzular üzrə çıxış ediblər.
Forumun yekununda Xivə Bəyannaməsi qəbul olunub.
Forum çərçivəsində Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə Sahibə Qafarovanın görüşü olub. Görüşdə Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
"Forum çərçivəsində Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Senatı arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” imzalanıb. Forumun mühüm nəticələrindən biri də Parlamentlərarası Komissiyanın Nizamnaməsinin imzalanması oldu. Düşünürəm ki, daimi fəaliyyət göstərən bu orqan ikitərəfli əməkdaşlıq gündəliyini daha səmərəli şəkildə həyata keçirməyə kömək göstərəcək"- sədr bildiirb.
Qeyd edək ki, hər iki sənədi parlament sədrləri imzalayıb. Azərbaycan və Özbəkistan parlamentlərinin sədrləri Parlamentlərarası Forumla bağlı yerli mətbuata bəyanatla çıxış edilər. Aparılan müzakirələrin ikitərəfli əməkdaşlıq əlaqələrinə müsbət təsir göstərəcəyinə inam ifadə olunub. S.Qafarova Özbəkistana işgüzar səfərin uğurlu olduğunu vurğulayıb.