ain.az bildirir, Xalq qazeti portalına istinadən.
İyulun 4-də beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başlanıb.
Tədbirdə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, “Yüksəliş” müsabiqəsi ölkəmizin gələcəyini formalaşdıracaq intellektual liderlərin aşkara çıxarılması və yetişdirilməsi baxımından strateji əhəmiyyətə malikdir. O qeyd edib ki, burada fərqlənərək ön sıralara yüksələnlər yaradıcılığı, analitik düşüncəsi, çevik qərarvermə bacarığı və komandada işləmək qabiliyyəti ilə seçilirlər.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Yüksəliş” müsabiqəsinin Azərbaycanın gələcəyinə xidmət edən liderlik məktəbi olduğunu deyib. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında “Yüksəliş” müsabiqəsinin yüksək intellektə və idarəçilik bacarığına malik perspektivli, xüsusilə gənc rəhbər kadrların seçilməsi və dəstəklənməsi, yeni nəsil idarəçilərin hazırlanması üçün unikal platforma olduğunu qeyd edib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu il Kənd Təsərrüfatı Nazirliyi ilə “Yüksəliş” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində nazirlik sistemində fəaliyyət göstərən əməkdaşlar üçün “Üfüq” Karyera İnkişaf Proqramının həyata keçirildiyini deyib.
“Yüksəliş” müsabiqəsinin builki konsepti Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda elan olunmuş “Konstitusiya və Suverenlik İli”nə həsr edilib. Eyni zamanda, builki konsept 44 günlük Vətən müharibəsində Zəfərimizin 5 illiyi və “Yüksəliş” müsabiqəsinin 5-ci mövsümü ilə birbaşa bağlıdır.
Müsabiqədə 329 namizəd idarəetmə bacarıqları üzrə keçirilən imtahanı müvəffəqiyyətlə tamamlayaraq yarımfinal mərhələsinə yüksəlib.
Üç gün davam edəcək yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriləcək.
Qeyd edək ki, yarımfinal mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkil olunub. Təlimlərə 100-ə yaxın ekspert cəlb edilib.
Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı”(Assessment Conference) metodu ilə həyata keçirilir.
Yarımfinal mərhələsi iyulun 6-da başa çatacaq. Bu mərhələni uğurla tamamlayan iştirakçılar iyulun 18–20-də keçiriləcək finalda iştirak etmək hüququ qazanacaqlar. Beləliklə, beşinci “Yüksəliş” müsabiqəsi iyulun 20-də yekunlaşacaq.
XQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.