Şəmkir rayonunda kənd təsərrüfatının inkişafına, yerli məhsulların tanıdılmasına və aqrar sahibkarlığın təşviqinə xidmət məqsədilə Aqrar Biznes Festivalı və Tərəvəz Festivalı təşkil olunub.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Festivalın əsas məqsədi regionun kənd təsərrüfatı potensialını tanıtmaq, aqrar sahəyə investisiya cəlb etmək, yerli məhsulların daxili və xarici bazarlara çıxışını genişləndirmək, həmçinin fermerlərlə biznes qurumları arasında əməkdaşlığı gücləndirmək olub.
Festival çərçivəsində yerli fermerlər, aqrar sahədə fəaliyyət göstərən müəssisələr və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şirkətlər öz məhsullarını və xidmətlərini nümayiş etdiriblər. Tərəvəz Festivalında Şəmkir rayonunun zəngin tərəvəz çeşidləri təqdim olunub.
Aqrar Biznes Festivalı çərçivəsində aqrar sahəyə dair müasir kənd təsərrüfatı texnika və texnologiyalar, yüksək məhsuldar toxum nümunələri, orqanik və mineral gübrələr, eləcə də bitki mühafizə vasitələri sərgilənib.
Qeyd edək ki, bölgələrdə keçirilən məhsul festivalları fermerlər, sahibkarlar və istehlakçılar arasında birbaşa əlaqə yaratmaqla yanaşı, yerli məhsulların bazarda tanımasına, satış imkanlarının genişlənməsinə və yerli brendlərin formalaşmasına şərait yaradır. Məhsul festivallarının keçirildiyi bölgələrin öz ixtisaslaşmış məhsulları ilə “Caspian Agro 2026” sərgisində iştirakı planlaşdırılır.