İslam dünyasını təmsil edən ən köklü beynəlxalq təşkilatlardan biri - İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) təmsilçilik Azərbaycanın bir sıra amillər baxımından siyasi maraqlarına cavab verir.
Birincisi, ECO müsəlman aləminin üç ən qabaqcıl dövlətləri - Türkiyə, Pakistan və İranın təşəbbüsü ilə yaranıb. Bu dövlətlərlə eyni yerdə, eyni qurumda olmaq Azərbaycana həm siyasi, həm də iqtisadi baxımdan əlverişli imkanlar, yeni üfüqlər açır, Bakını bu iri coğrafiyanın mərkəzi bəndinə çevirir. İkincisi, ECO-da Azərbaycanla bərabər daha beş türk dövləti təmsil olunur - qardaş Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan. Son 4-5 ildə bu iri regionda sıx siyasi və iqtisadi əməkdaşlıq proseslərinin getdiyini və Azərbaycanın onların əksəriyyətinin təşəbbüskarı və fəal iştirçakçısı olduğunu nəzərə alsaq, qarşıdakı illərdə qurumun həm bölgənin, həm də ondan kənarda təmsil olunan digər dövlətlər hesabına genişlənmə perspektivi istisna olunmur. Bu isə Azərbaycanın tərəfdaşlar siyahısının daha bir formatda sayının çoxalması deməkdir və aydındır ki, rəsmi Bakının çoxqütblü siyasətinə cavab verir.
Çoxşaxəli iqtisadi imkanlar
İqtisadi Əməkdaşlıq Təşkilatı hazırkı reallıqda əhatə etdiyi bölgədə baş verən dərin dəyişikliklərin əsas aktorlarından birinə çevrilə bilər və təşkilat olaraq bu çağırışlara hazır olmalıdır. Ankara, Bakı və İslamabad arasındakı münasibətlər zamanla daha da dərinləşir və çoxtərəfli əlaqələrə yiyələnir. Türkiyə, Azərbaycan və Pakistan liderlərinin görüşləri mütəmadi hal alıb və bu da ondan irəli gəlir ki, dövlət başçılarının müzakirə etdikləri və edəcəkləri çox məsələlər var. Bu məntiqlə üç ölkə arasındakı təmasların təkcə siyasi, iqtisadi və hərbi kontekstlərlə çərçivələnmədiyini, daha sıx müttəfiqlik və strateji münasibətlərin formatından irəli gələn məsələləri də əhatə etdiyi qənaətinə gəlmək olar.
İranda Məsud Pezeşkianın prezident seçilməsindən sonra Tehrandan verilən müsbət impulslar İran-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcına işarədir. Güman ki, bu müstəvidə iqtisadi əlaqələrə təkan verəcək hadisələrin baş verməsi istisna deyil. Buna sübut kimi M.Pezeşkianın Bakıya etdiyi səfər zamanı iqtisadi inteqrasiya tədbirlərinin intensivləşdirilməsinə dair təşəbbüslər irəli sürməsi, İslamabaddan başlayaraq Bakı və Tehranı da əhatə edə biləcək, digər müsəlman dövlətlərindən də keçərək Türkiyənin qərb şəhərlərində bitəcək böyük logistika şəbəkəsi ideyası ilə çıxış etməsini misal çəkmək olar. Bölgəmizin qlobal nəqliyyat marşrutu olan Orta dəhliz və Şimal-Cənub dəhlizlərinin mərkəzi olduğunu nəzərə alsaq, belə bir iri regional logistika ideyası olduqca aktual və cəlbedici görünür.
Qarşıdakı illərdə bu coğrafiya Çin istehsalçıları ilə Avropa bazarlarını birləşdirəcək yolların kəsişdiyi məkan olacaq ki, bu, ilk növbədə, siyasi sabitlik, iqtisadi çiçəklənmə deməkdir. ECO-nun əhatə etdiyi xəritəyə baxarkən üzv dövlətlərin demək olar ki, hamısının bu böyük qovşaqdan paya sahib olacaqları görünür. Təşkilatın sağ cinahının ən ucqarında yerləşən, Çinin qonşusu və yaxın müttəfiqi olan Pakistan, habelə həmsərhəd Əfqanıstanın da bu qlobal əməkdaşlıq və inteqrasiya prosesindən razı qalacaqları gözlənilir: həm maliyyə, həm də siyasi əlaqələrin genişlənməsi baxımından. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Əfqanıstanla "Lapis Lazuri" layihəsi çərçivəsində də aktiv əməkdaşlıq edir. Türkmənistan, Gürcüstan və Türkiyənin də qoşulduğu bu nəqliyyat layihəsi daxilindəki proseslər Əfqanıstanda son illərdə izlənən siyasi sabitlik səbəbindən daha da sürətlənib. Əfqanıstandan Qərbə göndərilən məhsullar dəmir yolu və Xəzər dənizi vasitəsilə Ələt limanına, oradan isə son ünvanına çatdırılır. Bu baxımdan, logistika məsələlərinin ECO-nun Xankəndi sammitində mərkəzi mövzulardan biri olması məntiqidir.
Bir sözlə, bu gün nəqliyyat sahəsində Azərbaycan ECO regionunda aparıcı aktor kimi çıxış edir. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı Zirvə toplantısında səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: "Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik".
Siyasi həmrəylik
ECO iqtisadi platformada yaranmış təşkilat olsa da, irimiqyaslı siyasi çağırışların həlli baxımından əlverişli formatdır. Belə ki, qurum islam dünyasının birliyi naminə vahid müstəvidən çıxışa, başqa sözlə, siyasi həmrəyliyə şərait yaradan təşkilatdır. Azərbaycan torpaqlarının işğalı illərində ECO-da daimi dəstək görüb və bu qurum ölkəmizin dünyaya haqq səsinin və obyektiv reallığın çatdırılması nöqteyi-nəzərdən ən səmərəli tribuna olub.
Azərbaycan qurumun ən qərb nöqtəsində yerləşən Türkiyə və şərq cinahı təşkil edən Pakistanla strateji münasibətlərə və tərəfdaşlığa malikdir. Ölkəmizin təşkilatın əhatə etdiyi coğrafiyanın tam mərkəzində yerləşməsi o deməkdir ki, Azərbaycan ECO-nun coğrafi baxımdan regional strateji xəttin ən həssas və əsas bəndini təşkil edir.
ECO-da vahid müstəvidə təmsilçilik üzv dövlətlərin müxtəlif problem və çağırışların daha iri beynəlxalq arenada həllində bir-birilərinə güvənməsi və dəstək görməsi deməkdir. Siyasi həmrəylik böyük problemlərin çözümünə açardır - iqtisadi çətinliklərdən tutmuş təhlükəsizlik qayğılarınadək. Regionumuz qeyri-sabit dünyanın ən seysmik hissələrindən biridir. Bu baxımdan, dövlətlərin eyni mövqedən çıxış edərək problemlərin həllinə getməsi pozitiv nəticələrin əldə olunması hesablarının perspektivini daha da artırmış olur, təminatçı rolunda çıxış edir. Birlik və həmrəylik kənar qüvvələrin bölgəyə nüfuzunun neytrallaşdırılması baxımından da olduqca vacibdir. ECO kimi siyasi konsolidasiya və iqtisadi birlik təməlləri üzərində bərqərar olan beynəlxalq təşkilatlarda üzvlük müstəqilliyin daha da möhkəmləndirilməsi baxımından səmərəlidir.
Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və bu məkanda sülh, sabitlik və inkişaf naminə birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır.
Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur. Prezident İlham Əliyevin bununla bağlı çıxışı Azərbaycanın mövqeyini aydın şəkildə ifadə edib: "Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik".
Qarabağ - islam və türk dünyasının növbəti görüş yeri
Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla evsahibliyi edir. Siyasi məzmundan tutmuş ən müxtəlif sferaları - iqtisadiyyat və idmanı, mədəniyyət və humanitar sektoru əhatə edən iri konfrans və tədbirlər Azərbaycan reallıqları üçün qeyri-adi deyil. Ancaq bu zirvə toplantısının xüsusi anlamı da var: türk dünyasının bir parçası olan Qarabağın azad edilmiş və gündən-günə çiçəklənən mərkəzi şəhərində - Xankəndidə keçirilməsi. Sürətlə dirçəldilən, torpağına doğma nəfəs verilən, şəhər və kəndləri bərpa olunan Qarabağ və Şərqi Zəngəzur beynəlxalq tədbirlərlə yanaşı, dünya liderlərinin səfərlərinə şahidlik edir. Türk Dünyası Təşkilatının qeyri-formal sammiti, Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin görüşləri, türk dövlətlərinin səfərləri Qarabağın dövlətimizin ayrılmaz hissəsi olduğunu dünyaya bir daha nümayiş etdirir.
Əlamətdar haldır ki, Türkiyə və Pakistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləri ilk dəfə deyildir ki, Qarabağa səfərlər edirlər. Bu səfərlərin hər biri yeni simvolik hadisələrlə yadda qalıb - Qazaxıstan və Özbəkistan dövlətlərinin Azərbaycana hədiyyə etdikləri təhsil ocaqlarının açılışı olub. Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyev Füzulidə inşa olunmuş Mirzə Uluqbəy adına tam orta məktəbin, Qazaxıstan Prezidenti Kasım-Æomart Tokayev Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. ECO sammitində iştirakı çərçivəsində Qırğızıstan Prezidenti Sadır Æaparov Azərbaycan Prezidenti İlham Əliyevlə Ağdamın Xıdırlı kəndində ölkəsinin ərməğanı olan daha bir təhsil ocağı - Ayköl Manas adına kənd tam orta məktəbinin açılışını ediblər. Qardaş Özbəkistanın köməkliyi ilə Xankəndidə yerləşən və zəngin ənənələri olan, vaxtilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə açılmış tikiş fabrikinin daha müasir formatda bərpası həyata keçirilib. Zirvə toplantısına gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə fabrikə baş çəkiblər. Füzuli, Zəngilan və Laçında tikilən beynəlxalq hava limanları qardaş Türkiyənin yaxından iştirakı ilə ərsəyə gəlib və Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə açılışları olub. Başqa sözlə, Qarabağ türk dünyasının mərkəzi olmaqla qardaş türk dövlətləri üçün də doğma torpağa çevrilib.
ECO sammitinə İran Prezidenti Məsud Pezeşkianın da qatılmasının ciddi siyasi önəmi var. Bu səfər dövlətlərimiz arasındakı münasibətlərin siyasi formatda yeni mərhələyə yüksəlməsinin bariz göstəricisidir. Bu, eyni zamanda İrəvanda revanşist dairələrin hesablarının puça çıxması deməkdir, çünki onların Tehran-Bakı münasibətlərinin pozulması istiqamətində göstərdikləri səylərin üzərindən xətt çəkir.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan güclü siyasi və iqtisadi imkanları olan beynəlxalq geosiyasi aktor olaraq özünün çoxşaxəli xarici siyasət konsepsiyası əsasında müxtəlif çoxtərəfli platformaların nəinki iştirakçısı, o cümlədən fəal və təşəbbüskar üzvüdür. Bu, Azərbaycanın beynəlxalq arenadakı mövqelərini, habelə müstəqil və güclü siyasi tərəf imicinin möhkəmlənməsinə səbəb olan amillərdən biridir. Eyni zamanda rəsmi Bakının təşkilatların üzvü olan dövlətlərlə ikitərəfli münasibətlərinin daha da dərinləşməsi istiqamətində ən əlverişli yoldur. Azərbaycan çoxtərəfli münasibətlərə üstünlük verən və bu formatdan irəli gələn çağırışları həll edə bilən dövlət kimi dünyaya öz qüdrətini nümayiş etdirir. Çünki ən müxtəlif siyasi mövqe, maraq və mənafeləri uzlaşdırmağı bacarmaq qabiliyyəti yalnız güclü dövlətlərə və onların nüfuz sahibi olan liderlərinə məxsus keyfiyyətdir. Əminliklə qeyd etmək olar ki, ECO-nin Xankəndi Zirvə toplantısı Azərbaycanın təşkilat daxilindəki mövqelərini daha da möhkəmləndirəcək, eyni zamanda üzv dövlətlərlə ikitərəfli münasibətlərin inkişafına əlavə təkan olacaq.
İradə ƏLİYEVA,
"Azərbaycan"