AZ

Azərbaycanlı müəllimin yeni növ raket layihəsi Avstriyada maraqla qarşılanıb

Nizami rayonu E.Quliyev adına 145 nömrəli tam orta məktəbin fizika müəllimi Qasımova Aytən Kamran qızı elektromaqnit silah raketi üzrə hazırladığı layihə ilə Avstriyanın paytaxtı Vyanada keçirilən beynəlxalq elmi konfransa qatılıb.

12–13 iyun 2025-ci il tarixlərində təşkil olunan “Modern Scientific Method” adlı beynəlxalq tədbirdə təqdim olunan “Amper qüvvəsinin raket texnologiyasında tətbiqi” adlı layihə mütəxəssislər tərəfindən maraqla qarşılanıb. Mövzu üzrə yazılmış “Application of the Amper law in rocket technology and artillery” adlı məqalə nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunub.

Layihədə ənənəvi yanacaqdan imtina edilməklə elektromaqnit sahəsinin hesabına hərəkət edən yeni tip raket texnologiyası təklif olunur. Bu yanaşma həm yanacaq sərfini aradan qaldırır, həm də atmosferə tullantıların atılmasının qarşısını almaqla ekoloji baxımdan üstünlük yaradır.

Bu xüsusiyyət hal-hazırda ballistik raketlərdə mövcud olmayan bir ilkdir.

Tədqiqat Bakı Dövlət Universitetinin dosenti, elmi rəhbər Atif Orucovla birgə hazırlanıb. Layihəyə görə Aytən Qasımova beynəlxalq elmi konfransın və jurnalın sertifikatları ilə təltif olunub.

Qeyd edək ki, Aytən Qasımova müəllimlik fəaliyyəti ilə yanaşı elmi-tədqiqat sahəsində də fəal iştirak edir. Onun məqalələri Azərbaycan, Rusiya, Ukrayna və digər ölkələrin elmi jurnallarında çap olunub. O, həmçinin İstanbulda bir sıra beynəlxalq təlimlərin iştirakçısı olub və 2023–2024-cü tədris ilində keçirilən “Yaradıcı müəllim” müsabiqəsinin qalibidir.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
14
editor.az

10Mənbələr