BAKI, 5 iyul. TELEQRAF
Şimali Makedoniyanın Baş naziri Xristian Mitskoski ölkədə subaylara əlavə vergi tətbiqinin gündəmdə olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, o, paytaxt Skopyedə keçirilən "Demoqrafik meyllər, problemlər və mümkün həll yolları - demoqrafik dayanıqlılıq üçün strateji sənədlərin hazırlanması" adlı tədbirdə əhalinin azalması və ölkənin üzləşdiyi miqrasiya problemləri ilə bağlı danışıb.
Evlilik və doğuş sayının artırılmasının, miqrasiyanın azaldılmasının zəruriliyini vurğulayan Mitskoski demoqrafik durğunluğun təkcə Şimali Makedoniyanın deyil, bütün Avropanın ortaq problemi olduğunu bildirib.
Bu problemlə mübarizə çərçivəsində müxtəlif araşdırmalar apardıqlarını bildirən Baş nazir 2024-cü ildə ölkədə 16 min 61 uşaq doğulduğunu, 20 min 201 nəfərin həyatını itirdiyini bildirib. Bu rəqəmlər bir il ərzində əhalinin 4140 nəfər azalmdığını göstərir.
X.Mitskoski deyib: "Ümidin sənəddən daha vacib olduğu bir dövlət qurmalıyıq".
O bildirib ki, subay kişi və qadınlara əlavə vergilər tətbiq etməyi ciddi şəkildə düşünürlər.