AZ

Fransa Hesablama Palatası ölkənin dövlət borcunun fəlakətli həddə çatması barədə xəbərdarlıq edib  

Fransa hökumətinin fəaliyyətsizliyi və prezident Emmanuel Makronun rəhbərliyi ilə yaranmış durğunluq fonunda Hesablama Palatası (TdC) bəyan edib ki, ölkənin azadlığı və müstəqilliyi əsasən beynəlxalq kreditorların “xoş məramından” asılı vəziyyətə düşüb. Dövlət büdcəsinin kəsiri və dövlət borcunun artması, habelə həmin borcun xidmət xərclərinin artması ictimai həyat üçün ciddi təhlükə mənbəyi kimi dəyərləndirilir.

AZƏRTAC-ın məlumatına görə, hazırda Fransanın dövlət borcunun həcmi 3,3 trilyon avroya çatır. Bu borcun xidmət xərcləri (ÜDM-nin 114-115 faizi səviyyəsində) hazırda 60,2 milyard avro təşkil edir ki, bu da adambaşına düşən borcun olduqca yüksək həddə çatdığını göstərir, deyə İspaniyanın “ABC” qəzeti yazır. Bu göstərici ötən il ÜDM-nin 87,4 faizi səviyyəsində olan avrozonanın orta göstəricisindən xeyli yüksəkdir.

2024-cü ilin sonuna olan məlumata əsasən, Fransada dövlət büdcəsinin kəsiri ÜDM-nin 5,8 faizi səviyyəsində qeydə alınıb ki, bu da avrozonada orta göstərici olan 3,2 faizdən əhəmiyyətli dərəcədə çoxdur. Sözügedən kəsir artıq bir neçə il ərzində fasiləsiz olaraq artmaqdadır.

Bu makroiqtisadi göstəriciləri nəzərə alan Hesablama Palatası iki ciddi xəbərdarlıqla çıxış edib: dövlətin milli azadlığı və müstəqilliyi borc aldığı və 54-55 faizinin xarici maliyyə qurumları olduğu kreditorların iradəsindən asılı vəziyyətə düşüb. Dövlətin itirilmiş etimadı bərpa etmək üçün təxirəsalınmaz tədbirlər görməsi zəruri hesab olunur. Bildirilir ki, dövlət büdcəsinin kritik vəziyyətini sabitləşdirmək məqsədilə ümumilikdə 105 milyard avro həcmində qənaət tədbirləri həyata keçirilməlidir.

Prezident Makron ötən ilin dekabr ayında yeni Baş nazir vəzifəsinə Fransua Bayrunu təyin edib. Lakin Bayrunun altı aylıq fəaliyyəti dövründə dövlət maliyyə göstəricilərinin vəziyyəti daha da pisləşərək əlavə 45 milyard avro kəsir yaranıb ki, bu da Hesablama Palatasının narahatlığına səbəb olub.

Artıq bir ildir ki, Fransa ardıcıl dəyişikliklərlə “müvəqqəti” büdcə əsasında idarə olunur. Böhran riskindən və etimadsızlıq səsverməsindən ehtiyatlanan Bayru növbəti dövlət büdcəsinin parlamentə təqdim olunmasını payız aylarına qədər təxirə salıb. Hesablama Palatası xəbərdarlıq edir ki, dövlət maliyyəsinin mövcud ağır vəziyyəti ölkənin gələcək inkişafını ciddi şəkildə təhlükə altına ala bilər.

Seçilən
9
23
azerbaijan-news.az

10Mənbələr