Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinlik çəkdiyini bildirib. Onun sözlərinə görə, xəstələr əvvəl yaşadığı ünvandakı poliklinikada yerləşən imtiyazlı aptekdən dərman alsalar da, sonradan bu aptek ləğv edilib. Uzaqda yerləşən poliklinikada isə növbə çox olduğundan dərmanı almaq müşükülə çevrilir.
Aktyorun şikayəti ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, dərman təminatı imtiyazlı xəstə sayına uyğun olaraq təmin edilir və hər ayın 10-dan 20-dək poliklinikada xəstələrə dərman vasitələri paylanılması prosesi icra olunur:
“Hal-hazırda təminatla bağlı heç bir çətinlik yoxdur. Bununla belə, vətəndaş müraciətləri tərəfimizdən nəzarətdə saxlanılır və dərman vasitələrinin təminatı icra olunur. Şəkərli diabet xəstələrinin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata keçirilir. Binəqədi rayonu ərazisində mərkəzləşdirilmiş aptek 9 nömrəli Şəhər Poliklinikasında yerləşir.
Hörmətli aktyorumuz Rəhman Rəhmanovla tərəfimizdən əlaqə saxlanılıb, ona müvafiq izahatlar verilib.
Bununla yanaşı, qeyd edirik ki, yaxın zamanda əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının təmin edilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə sözügedən məsələ ilə əlaqədar tədbirlərin görülməsi nəzərdə tutulub”.