Bütün genişmiqyaslı hücum zamanı Rusiya Federasiyasının işğalçı qoşunları Ukraynada 637 uşağı öldürüb.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
“Bildiririk ki, Rusiya qoşunlarının Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləsi başlayandan 30 iyun 2025-ci il tarixinə olan vəziyyətə görə, Rusiya Federasiyası silahlı qüvvələrinin hücumları nəticəsində 2678 uşaq əziyyət çəkib, onlardan 637-si həlak olub, 2041-i isə yaralanıb”, - Baş Prokurorluğun ofisindən bildirilib.
Qeyd edilib ki, aktiv döyüş əməliyyatları aparılan və düşmən tərəfindən müvəqqəti işğal olunmuş ərazilərdə yaralanan uşaqlarla bağlı bütün məlumatların dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Belə ki, alınan məlumatlara görə, ən çox uşaq Donetsk (641), Xarkov (497), Kiyev (146), Çerniqov (86), Xerson (217), Nikolayev (122), Luqansk (67), Zaporojye (188), Dnepropetrovsk (271), Sumıda (215) xəsarət alıb.
“Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən törədilmiş hərbi cinayətlər nəticəsində həlak olan ən kiçik uşaq iki günlük yeni doğulmuş oğlan olub”, - məlumatda deyilir.
Bəxtiyar CƏFƏRLİ