Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin sabiq vəzifəli şəxsinə hökm oxunub.
Far.Az qaynarinfo-ya istinadən xəbər verir ki, agentliyin Respublika Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayonu mərkəzinin sabiq rəisi Eldar Quliyev cinayət məsuliyyətinə cəlb edilib. Onun Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
O, mərkəzin rəisi vəzifəsində işləməklə öz qulluq mövqeyindən istifadə edərək Turqut Abdalov adlı şəxsi Aqrar Xidmətlər Agentliyinin Gədəbəy Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə baytar köməkçisi kimi işə düzəldəcəyi barədə yalan vədlər verib və zərərçəkmiş şəxsi buna inandıraraq 1 500 manat pul alıb. Eldar Quliyev eyni üsulla Elibəy adlı şəxsdən 3 000 min, Əlişad adlı vətəndaşdan 2 500 manat almaqla dələduzluq edib.
Təqsirləndirilən şəxslə bağlı cinayət işi açıldıqdan sonra 2024-cü il 13 may tarixli müvafiq əmrlə Eldar Quliyev vəzifəsindən azad edilib.
1976-cı il təvəllüdlü təqsirləndirilən şəxs məhkəmədə qeyd edilən şəxsləri işə götürmək kimi bir səlahiyyəti olmadığını, pula ehtiyacı olduğuna görə zərərçəkmiş şəxslərdən qeyd edilən məbləğləri aldığını deyib. O, zərərçəkmiş şəxslərdən aldığı pulu müalicəsi üçün sərf etdiyini bildirib. Həmçinin zərərçəkmişlərə dəymiş zərərin tam olaraq ödənildiyini və barışıq əldə olunduğunu bildirib.
Məhkəmənin qərarı ilə Eldar Quliyevə 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.