Gözəgörünməz düşmən – mina təhlükəsinə qarşı mübarizəmiz hələ də davam edir.
Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Maarifləndirmə departamentinin rəhbəri Heydər Rzayev Qarabağda mina təhlükəsinə qarşı mübarizə istiqamətində aparılan silsilə tədbirlərlə bağlı AZƏRTAC-a açıqlamasında deyib.
Qarabağda mina təhlükəsizliyinin aktuallığına diqqət çəkən BAMF-in rəsmisi işğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin təhlükəsizliyi baxımından maarifləndirmə tədbirlərinə həssas və operativ yanaşmanın vacibliyini vurğulayıb: “Mina təhlükəsi Azərbaycanın üzləşdiyi ən ciddi problemlərdən biri olaraq qalır. İlkin hesablamalara görə, Ermənistan tərəfindən Azərbaycan ərazilərinə basdırılmış minaların sayı 1,5 milyondan çoxdur və bu, ölkəmizi dünyada mina çirklənməsinə görə “ön sıralara” çıxarır. 2020-ci ildən bəri Azərbaycanda mina qurbanlarının ümumi sayının 399 nəfərə çatması, hər il daha da artması və xəsarətlərlə nəticələnən insidentlər bu faciənin davamlı xarakter daşıdığını göstərir”.
O, bu mənzərə fonunda mina maarifləndirməsi tədbirlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib: “Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) olaraq biz artıq 20 ildən çoxdur ki, mina aksiyası proqramında çalışan bir təşkilat kimi hər zaman mina və partlamamış hərbi sursatlarla bağlı maarifləndirməni (PSTM) davamlı və institusional fəaliyyət kimi həyata keçiririk. Fondumuzun mina risklərinin azaldılması sahəsində gördüyü maarifləndirmə proqramları ölkə miqyasında, xüsusilə də mina təhlükəsinin yüksək olduğu bölgələrdə – işğaldan azad olunmuş ərazilərdə geniş şəkildə icra olunmaqdadır. Bu fəaliyyətlər həm fərdi təhlükəsizlik biliklərinin aşılanması, həm də cəmiyyətin mina təhdidinə qarşı dayanıqlı davranış modellərinin formalaşdırılması baxımından həyati əhəmiyyət daşıyır”.
Qeyd edilib ki, 2025-ci ilin ilk altı ayı ərzində Fondun Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) komandası ümumilikdə 9 min 610 nəfəri mina təhlükəsinə dair maarifləndirib. Görülən işlər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Həyata keçirilən tədbirlər ANAMA-nın müvafiq maarifləndirmə prosedurları çərçivəsində hazırlanır və beynəlxalq standartlara uyğun icra olunur.
“Son illər maarifləndirmə təşəbbüslərimiz bir sıra dövlət orqanlarının və ictimai qurumların dəstəyi ilə güclənir. Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı, eləcə də Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və digər qurumlarla əməkdaşlıq nəticəsində müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrdə yüzlərlə işçiyə mina təhlükəsinə dair təlimlər keçilib. Maarifləndirmə tədbirləri, eyni zamanda, Qarabağ Universitetində, həmçinin Zəngilanın Ağalı kəndi, Füzuli şəhəri və ətraf kəndlər, Ağdamın Sərçalı, Yusifcanlı, Göytəpə, Xıdırlı, eləcə də Tərtər rayonunun Talış və Suqovuşan kəndlərində təşkil olunub.
Biz bu işi təkcə maarifləndirmə fəaliyyəti kimi yox, həm də insan həyatının qorunması, təhlükəsiz gələcəyin təmin edilməsi və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa prosesinə vətəndaş cəmiyyətinin töhfəsi kimi dəyərləndiririk. Nəzərə almaq lazımdır ki, mina təhlükəsi keçmişin mirası deyil, gələcəyin məsuliyyətidir”, - deyə H.Rzayev vurğulayıb.