525.az saytına istinadən ain.az xəbər verir.
“Gözəgörünməz düşmən ilə mübarizəmiz hələ də davam edir”.
525.az xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Maarifləndirmə Departamentinin rəhbəri Heydər Rzayev Qarabağ zonasında mina təhlükəsinə qarşı mübarizə istiqamətində aparılan silsilə maarifləndirmə tədbirləriylə bağlı çıxışında deyib.
Adıçəkilən zonada mina təhlükəsizliyinin aktuallığına qeyd edən BAMF-ın rəsmisi işğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin təhlükəsizliyi baxımından maarifləndirmə tədbirlərinə həssas və operativ yanaşmanın vacibliyini vurğulayıb:
"Mina təhlükəsi Azərbaycanın üzləşdiyi ən ciddi problemlərdən biri olaraq qalır. İlkin hesablamalara görə, Ermənistan tərəfindən Azərbaycan ərazilərinə basdırılmış minaların sayı təxminən 1,5 milyondan çoxdur və bu, ölkəmizi dünyada mina çirklənməsinə görə ilk sıralarda qərarlaşdırır. 2020-ci ildən bəri 399 mina hadisəsinin qeydə alınması və hər il mina qurbanlarının sayının artması və xəsarətlərlə nəticələnən insidentlər bu təhlükənin davamlı xarakter daşıdığını göstərir.
Bu mənzərə fonunda mina maarifləndirməsi tədbirləri xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) olaraq biz artıq 20 ildən çoxdur ki, mina aksiyası proqramında çalışan bir təşkilat kimi hər zaman mina və partlamamış hərbi sursatlarla bağlı maarifləndirməni (PSTM) davamlı və institusional fəaliyyət kimi həyata keçiririk. Fondumuzun mina risklərinin azaldılması sahəsində gördüyü maarifləndirmə proqramları ölkə miqyasında, xüsusilə də mina təhlükəsinin yüksək olduğu bölgələrdə – işğaldan azad olunmuş ərazilərdə geniş şəkildə icra olunmaqdadır. Bu fəaliyyətlər həm fərdi təhlükəsizlik biliklərinin aşılanması, həm də cəmiyyətin mina təhdidinə qarşı dayanıqlı davranış modellərinin formalaşdırılması baxımından həyati əhəmiyyət daşıyır.
Məlumat üçün qeyd edim ki, 2025-ci il ərzində Fondun PSTM komandası tərəfindən ümumilikdə 9610 nəfəri mina təhlükəsinə dair maarifləndirilib. Bu istiqamətdə gördüyümüz işlər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. ANAMA-nın texniki və metodoloji dəstəyi ilə BAMF maarifləndirmə sahəsində ölkədə aparıcı icraçı təşkilat kimi çıxış edir. O cümlədən, həyata keçirdiyimiz tədbirlər ANAMA-nın müvafiq maarifləndirmə prosedurları çərçivəsində hazırlanır və beynəlxalq standartlara uyğun icra olunur.
Son illər maarifləndirmə təşəbbüslərimiz bir sıra dövlət və ictimai qurumların dəstəyi ilə güclənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı, eləcə də Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və digər qurumlarla əməkdaşlıq nəticəsində müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrdə yüzlərlə işçiyə mina təhlükəsinə dair təlimlər keçilmişdir.
Maarifləndirmə tədbirləri həmçinin Qarabağ Universitetində tələbə və pedaqoji heyət, həmçinin doğma torpaqlarına qayıdan məcburi köçkün ailələrinin üzvləri – o cümlədən Zəngilanın Ağalı kəndi, Füzuli şəhəri və ətraf kəndlər, Ağdamın Sərçalı, Yusifcanlı, Göytəpə, Xıdırlı, eləcə də Tərtər rayonunun Talış və Suqovuşan kəndlərində də təşkil olunmuşdur.
Biz bu işi təkcə maarifləndirmə fəaliyyəti kimi yox, həm də insan həyatının qorunması, təhlükəsiz gələcəyin təmin edilməsi və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa prosesinə vətəndaş cəmiyyətinin töhfəsi kimi dəyərləndiririk. Nəzərə almaq lazımdır ki, mina təhlükəsi keçmişin mirası deyil, gələcəyin məsuliyyətidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.