Çinin Liaonin əyalətinin paytaxtı Şenyan şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xalq diplomatiyası və qardaşlaşmış şəhərlər forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin və Liaonin əyalət hökumətinin birgə təşkil etdiyi foruma ŞƏT-in üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan ölkələrin rəsmi şəxsləri, dövlət və hökumət qurumlarının, ictimai təşkilatların, beyin mərkəzlərinin nümayəndələri, elm adamları, ümumilikdə 400-dən çox iştirakçı qatılıb.
“Xalqlar arasında dostluğun möhkəmləndirilməsi, dayanıqlı inkişafın gücləndirilməsi” mövzusuna həsr olunan forumda Azərbaycanı Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edir.
Tədbir iştirakçıları əvvəlcə Çin ilə ŞƏT-in üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan ölkələr arasında dialoq və əməkdaşlığı əks etdirən fotolardan ibarət sərgi və məktəblilərin rəsm sərgisi ilə tanış olublar.
Çin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri xanım Şen Yueyue, Liaonin əyalətinin partiya katibi Hao Pen, Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin və başqaları forumun xalq diplomatiyası vasitəsi ilə ölkələr və xalqlar arasında dostluğun dərinləşməsinə töhfə məqsədi daşıdığını bildiriblər. Qeyd olunub ki, xalq diplomatiyası yalnız mədəni və humanitar təşəbbüslərin mübadiləsi deyil, həm də ölkələri birləşdirən dostluq və anlaşma körpüsüdür. ŞƏT isə bir platforma kimi bu əlaqələrin inkişafına öz töhfəsini verir.
Forumun açılış mərasimində çıxış edən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov qlobal dünyanın üzləşdiyi çağırışların birgə həllini tələb etdiyi bir vaxtda xalq diplomatiyasının, mədəni və humanitar dialoqun davamlı sülhün qurulması üçün ən mühüm alətə çevrildiyini deyib.
Azərbaycanın ənənəvi olaraq mehriban qonşuluq, mədəniyyətlərarası və dinlərarası dialoq siyasətini müdafiə etdiyini bildirən Z.Əsgərov ölkəmizin müxtəlif sivilizasiyalar arasında dialoqun təşviqinə xidmət edən Bakı Prosesi kimi beynəlxalq platformaların təşəbbüskarları və fəal iştirakçısı olduğunu diqqətə çatdırıb.
O, Azərbaycan ilə Çin arasında böyük tarixi olan münasibətlərin qarşılıqlı hörmətə, strateji tərəfdaşlığa və dostluğa əsaslandığını vurğulayaraq, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini, xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirildiyini deyib.
Z.Əsgərov dövlət başçılarının qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərinin, onların sıx təmaslarının və strateji rəhbərliyinin iki ölkə arasında bütün sahələrdə əlaqələrin dərinləşməsində və inkişafında mühüm rol oynadığını vurğulayıb, bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Çinə dövlət səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Birgə Bəyanatın imzalandığını bildirib. O, ölkəmizin Çinlə “Kəmər və yol” təşəbbüsünə çərçivəsində əməkdaşlığından söz açıb, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin Avrasiya regionunda iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini deyib.
Milli Məclis sədrinin müavini Azərbaycanda Çin dilinin, Çində isə Azərbaycan dilinin tədrisinin, habelə vizasız səyahət rejiminin iki ölkə arasında iqtisadi, turizm, humanitar əlaqələri, mədəni mübadiləni daha da dərinləşdirəcəyini bildirib.
Azərbaycan nümayəndə heyətinin üzvləri forumun panel iclaslarında müzakirələrdə iştirak edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Çin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri xanım Şen Yueyue ilə görüşü olub. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprelində Çinə uğurla keçən səfəri zamanı imzalanmış iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulmasında dair Birgə Bəyanatın münasibətlərimizdə yeni mərhələ açdığı, hazırda hər iki ölkənin müxtəlif qurumlarının liderlərin razılaşmalarının icrası istiqamətində fəal çalışdıqları vurğulanıb.
Şen Yueyue ötən ilin mayında Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb.