AZ

Mixal Rinkovski: Azərbaycan sıfırdan başlayaraq, regionda əhəmiyyətli antidopinq mərkəzinə çevrilib - EKSKLÜZİV MÜSAHİBƏ

Bakı, 4 iyul, AZƏRTAC

Polşa Antidopinq Agentliyinin (POLADA) direktoru, Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunun sədri Mixal Rinkovski AZƏRTAC-ın suallarını cavablandırıb. POLADA rəsmisi ilə eksklüziv müsahibəni təqdim edirik:

- Azərbaycana xoş gəlmisiniz. Yenidən Bakıya səfər etmək sizə nə hiss etdirir?

- Bu, mənim Bakıya ilk gəlişim deyil. Əmin deyiləm, yəqin ki, beşinci və ya altıncı səfərimdir. Amma deməliyəm ki, Bakı doğrudan da qeyri-adi və çox müasir şəhərdir. İnsanları isə inanılmaz dərəcədə mehribandırlar. Eyni zamanda, Azərbaycan mətbəxini də çox sevirəm. Ona görə də Bakını mənim üçün xüsusi edən bir çox səbəb var.

- Azərbaycanda antidopinq siyasətinin inkişafını necə dəyərləndirirsiniz?

- Ümumilikdə, biz AMADA ilə uzun müddətdir əməkdaşlıq edirik. Yaxın vaxtlarda yeni bir Anlaşma Memorandumu da imzaladıq. Son illər ərzində Azərbaycanda antidopinq proqramlarının inkişafında böyük irəliləyiş müşahidə etmişəm. Demək olar ki, sıfırdan başlayaraq, regionda əhəmiyyətli antidopinq mərkəzinə çevrilmisiniz. Bu sistem region üçün nümunə ola bilər.

- Bu ilin mart ayında AMADA ilə POLADA arasında Anlaşma Memorandumu imzalandı. Bu əməkdaşlıq çərçivəsində hansı işlər görülür? Ümumiyyətlə, əməkdaşlığın gələcək perspektivlərini necə dəyərləndirərdiniz?

- Mənim Azərbaycana budəfəki səfərim nəticələrin emalı üzrə təlimlə əlaqədardır. Sadə dillə desək, bu, antidopinq üzrə hüquqi intizam işlərində hüquqşünasların hazırlanmasıdır. Bu təlimin keçirilməsi mart ayında AMADA ilə imzalanmış memorandum sayəsində mümkün oldu. Keçdiyimiz təlim bizim əməkdaşlığımız üçün bir əsas yaradır. Mən əminəm ki, bu, yeganə fəaliyyət olmayacaq. Eyni zamanda, beynəlxalq əlaqələr və əməkdaşlıq sahəsində də birlikdə çalışırıq. Düşünürəm ki, əməkdaşlığımız uzunmüddətli və davamlı olacaq.

- Ümumdünya Antidopinq Agentliyinin (WADA) mövcud standartları idmançılar üçün ədalətli qərarların verilməsi baxımından nə dərəcədə yetərlidir və hansı sahələrdə təkmilləşdirməyə ehtiyac var?

- Hazırda qüvvədə olan Ümumdünya Antidopinq Məcəlləsi yenidən baxılma mərhələsindədir. Bu prosesi WADA başladıb. Noyabr ayında Məcəllənin və beynəlxalq standartların yekun variantı təqdim ediləcək, dekabrda isə təsdiqlənəcəyi gözlənilir. Əlbəttə ki, bəzi məhdudiyyətlər mövcuddur və dəyişdirilməli olan müddəalar var. Bunlardan biri də şərti kənarlaşdırma qaydalarıdır. Bundan əlavə, Çin üzgüçüləri ilə bağlı dopinq hadisəsindən çıxarılan dərslərin də nəzərə alınması vacibdir. Bu sahədə işlər düzgün istiqamətdə gedir.

- Polşanın antidopinq təcrübəsi digər dövlətlər üçün necə nümunə ola bilər və bu yanaşmaların regional və ya qlobal səviyyədə tətbiq potensialı varmı?

- Polşada dopinqlə mübarizə sahəsində təcrübəmiz 1988-ci ildən başlayır. Amma məncə, ən böyük yenilik Polşanın hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlığıdır. Bu əməkdaşlığın nəticələri həm yerli hüquq-mühafizə orqanları, həm də antidopinq agentliyi üçün çox uğurludur. Biz bu yolla potensial pozuntularla bağlı məlumat əldə edə bilirik. Hüquq-mühafizə orqanları isə cinayət qanunvericiliyinin mümkün pozuntularından xəbərdar ola bilirlər. Bu, hətta Avropada belə, nadir və olduqca möhkəm bir əməkdaşlıqdır. Biz birgə bir çox, əsasən də qeyri-qanuni dərman vasitələri istehsal edən təşkilatlanmış cinayət qruplarına qarşı əməliyyat keçirmişik.

- Gələn il ABŞ-də keçiriləcək “Təkmilləşdirilmiş Oyunlar” (“Enhanced Games”) təmiz idman dəyərləri üçün hansı təhdidlər yaradır?

- Bu məsələ çox təəssüf doğurur. Diplomatik şəkildə desək, “Enhanced Games” ideyasının gerçəkləşməsi, Olimpiya idman dəyərlərinə tamamilə ziddir. Bu, ədalətli idman prinsipinə qarşıdır. Bu oyunlar ilk dəfə olacaq ki, qlobal miqyasda dopinqin təşviqini açıq şəkildə nümayiş etdirəcək. Məncə, bu, idman üçün zərərlidir və gənc nəslə çox təhlükəli nümunədir. Çünki bu, “qısa yol”un mövcud olduğunu və bununla məşhur olmağın mümkünlüyünü göstərir. Uzunmüddətli perspektivdə, ümid edirəm ki, bu layihə uğursuzluğa düçar olacaq.

- Gələcək nəsil idmançılar arasında təmiz idman dəyərlərini gücləndirmək üçün hansı hüquqi, təhsil və maarifləndirmə alətləri beynəlxalq səviyyədə vacib hesab olunur?

- Burada əsas açar söz - əməkdaşlıqdır. Beynəlxalq əməkdaşlıq çox vacibdir. Hökumətlər, antidopinq agentlikləri birgə şəkildə bu problemləri həll etməlidirlər. Eyni yanaşma ilə ictimaiyyətin ehtiyaclarını nəzərə alaraq maarifləndirmə kampaniyaları təşkil edilməlidir. Məsələn, bu ilin fevral ayında Polşada saxta dərman məhsulları ilə bağlı kampaniya keçirdik. Bu, Polşanın əczaçılıq idarəsi ilə birgə həyata keçirildi və uğurlu bir nümunədir. Amma bu, milli səviyyədə idi. Əsas məsələ isə odur ki, beynəlxalq səviyyədə də eyni baxış və yanaşma ilə birgə işləməliyik.

 

Seçilən
0
11
azertag.az

10Mənbələr