Bakı, 4 iyul, AZƏRTAC
2025-ci ilin mart ayında Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Polşa Antidopinq Agentliyi (POLADA) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində POLADA-nın direktoru, Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunun sədri Mixal Rinkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.
Azərbaycan Milli Antidopinq Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Anlaşma Memorandumundan irəli gələn öhdəliklər, qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri və ortaq maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər, xüsusilə təmiz idman mühitinin təşviqi, idmançılar arasında maarifləndirmənin gücləndirilməsi, dopinqə qarşı mübarizədə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar.
Görüşdə beynəlxalq antidopinq standartlarının tətbiqi, Ümumdünya Antidopinq Agentliyinin (WADA) müəyyən etdiyi tələblərə uyğunluq və Avropa Şurasının Antidopinq Konvensiyasının icrası ilə bağlı aktual məsələlər də müzakirə edilib. Həmçinin gələcək əməkdaşlıq planları çərçivəsində antidopinq təlimlərinin təşkili, laboratoriya imkanlarının inkişafı və idmançılara dəstək məqsədilə ortaq təhsil proqramlarının həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Sonra tərəflər 2026-cı ilin mayında Las-Veqasda keçirilməsi planlaşdırılan və dopinqi açıq şəkildə təşviq edən “Enhanced Games” adlı yarışla bağlı narahatlıqlarını bölüşərək, bu cür təşəbbüslərin idmançıların sağlamlığına və təmiz idman prinsiplərinə ciddi təhlükə yaratdığını vurğulayıblar. Bu kimi tədbirlərin idmanda ədalətli rəqabətə zidd olduğu və gənclərə mənfi təsir göstərdiyi xüsusi qeyd olunub.
Tərəflər beynəlxalq antidopinq siyasətinə sadiqliyin vacibliyini vurğulayıb və bu istiqamətdə regional, beynəlxalq miqyasda əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Sonda belə səfərlərin və tərəfdaşlığın yalnız yerli deyil, beynəlxalq ictimaiyyətdə də təmiz idman dəyərlərinin təşviqinə mühüm töhfə verəcəyi bildirilib.