AZ

“Araz-Naxçıvan”ın yeni transferi: Yunanıstan klubu ilə oyunu final da adlandırmaq olar

Bakı, 4 iyul, AZƏRTAC

“Araz-Naxçıvan”a keçdiyimə görə şadam və həvəslə futbol mövsümünün başlanmasını gözləyirəm”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”nın yeni transferi Hamidu Keyta klubun rəsmi saytına açıqlamasında deyib.

Fransalı yarımmüdafiəçi komandanın uğur qazanması üçün əlindən gələni edəcəyini bildirib: “Bu komandaya kömək etmək, qələbələr qazanmaq üçün gəlmişəm. “Araz-Naxçıvan” ötən mövsüm yaxşı nəticələr qazandı. Komandanın üçüncü yeri tutması, UEFA Konfrans Liqasına vəsiqə qazanması yaxşı işlərin nəticəsidir. Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir. Üstəlik, komandada kifayət qədər tanıdığım futbolçu yer alıb”.

31 yaşlı futbolçunun sözlərinə görə, əsas sınaq UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Yunanıstanın “Aris” klubuna qarşı matçla başlayacaq: “Bu görüşü final oyunu da adlandırmaq olar. Bilirik ki, yaxşı kollektivə qarşı mübarizə aparacağıq. Rəqibi düzgün analiz edəcəyik və yaxşı hazırlaşacağıq. Bunun üçün vaxtımız var. Transferlərimiz də komandanı gücləndirəcək oyunçulardır”.

Qeyd edək ki, Hamidu Keyta ilə 2026-cı il mayın 31-dək müqavilə imzalanıb. O, daha əvvəl Premyer Liqa klublarından “Zirə” və “Qarabağ”ın formasını geyinib.

Seçilən
9
50
azertag.az

10Mənbələr