“Araz-Naxçıvan”ın yeni transferlərindən olan fransalı yarımmüdafiəçi Hamidu Keyta artıq “qırmızı-ağlar”ın düşərgəsindədir.
Arena.az xəbər verir ki, o, təlim-məşq toplanışında iştirak etmək üçün sabah kollektivlə birgə Türkiyənin Ərzurum şəhərinə yola düşəcək.
Hamidu Keyta “Araz-Naxçıvan”a keçidi ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib. Fransalı futbolçu bunları söyləyib:
“Araz-Naxçıvan”a keçdiyimə görə şadam və həvəslə futbol mövsümünün başlanmasını gözləyirəm. Komandanın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Buraya kömək etmək, qələbələr qazanmaq üçün gəlmişəm. “Araz-Naxçıvan” ötən mövsüm yaxşı nəticələr qazandı. Komandanın üçüncü yeri tutması, Konfrans Liqasına vəsiqə qazanması yaxşı işlərin nəticəsidir. Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir. Üstəlik, komandada kifayət qədər tanıdığım futbolçular yer alıb”.
Hamidu Keyta “Araz-Naxçıvan”ın Konfrans Liqasındakı ilk rəqibi olan Yunanıstanın “Aris” komandasına qarşı keçirəcəkləri oyunlardan da söhbət açıb:
“Bizim üçün əsas sınaq “Aris”lə matçla başlayacaq. Bu görüşü final oyunu da adlandırmaq olar. Bilirik ki, yaxşı bir kollektivə qarşı mübarizə aparacağıq. Rəqibi düzgün analiz edəcəyik və yaxşı hazırlaşacağıq. Bunun üçün vaxtımız var. Transferlərimiz də komandanı gücləndirəcək oyunçulardır”.
Xatırladaq ki, Keyta geridə qalmış mövsümü Türkiyənin “Konyaspor” klubunda keçirib. O, sözügedən klubun heyətində 23 oyuna 1 qol və 1 assistlə yadda qalıb. Fransalı futbolçu 2026-cı il mayın 31-dək “Araz-Naxçıvan”ın formasını geyinəcək.
31 yaşlı vinger daha öncə Azərbaycan klublarından “Zirə” və “Qarabağ”ın da formasını geyinib. “Zirə”də 54 oyuna 15 qol və 12 məhsuldar ötürmə müəllifi olmuş fransalı futbolçu “Qarabağ”da da 54 oyun keçirib, 9 qol vurub, 7 assistlə yadda qalıb.
Futbolçu müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.