Orxan Musayev Ajans.az-a bildirib ki, çimərliklərdə baş verən faciələrin çoxunu insan faktoru yaradır. Dənizdə istirahət insanlarda maraq oyadan məkanlardan sayılır. Lakin bu istirahət anidən insanların həyatına son da qoya bilər. Çünki bəzi vətəndaşlar dənizin təhlükəli tərəfini unudurlar. Ekspert söyləyib ki, spirtli içki qəbul edib dənizə girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan edilmiş ərazilərdə çimmək bəzi şəxslər üçün adi hesab edilir. Vətəndaşlar yalnız rəsmi icazəsi olan ərazilərdən istifadə etməlidir. Səbəb isə həmin məkanlarda FHN-nin xüsusi xilasedici heyətinin olmasıdır. Bu gün baş verən boğulmalar, suda batmalar və digər faciələrin çox olmasına şərait yaradan amillərdən biri də həmin məkanlarda xüsusi xilasetmə qruplarının olmamasıdır. Orxan Musayev deyib ki, rəsmi icazəli məkanlarda suyun dərinlik səviyyəsi müəyyən olunub və ayaq altında insanlara xəsarət yetirə biləcək daşlar, daş qırıntıları, qayalar təmizlənmiş halda olur. Dənizə girməzdən öncə küləyin, dalğanın gücü nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə özlərini itirə bilərlər. Təkcə, üzməyi bacarmaq boğulmaqdan xilas yolu deyil. Dalğaların insan bədəninə təsiri güclüdür. Axın zamanı bədəndə müxtəlif proseslər gedir. Vətəndaşlar bunları bilməlidirlər. Təhlükəsizlik eksperti açıqlayıb ki, vətəndaşların başına gələ biləcək bütün təhlükələrə görə istirahət mərkəzləri məsuliyyət daşıyır. Beynəlxalq təcrübədə istirahət mərkəzlərində dincələn şəxslərin sağlamlığına ciddi zərər dəyərsə mərkəz özü kompensasiya ödəyir. Lakin Azərbaycanda hələ bu təcrübə yoxdur. Lakin təhlükəsizlik tam təmin olunmalı və nəzarətdə saxlanılmalıdır.