Romada “Eni” yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
AFN.az xəbər verir ki, xarici mediaya istinadən yayılan məlumatlara görə, partlayış nəticəsində baş verən yanğında təxminən 35 nəfər xəsarət alıb.
İlkin ehtimallara görə, hadisə yük maşınının boruya çırpılması nəticəsində baş verib. Nəticədə yanacaq sızması və ardınca partlayış meydana gəlib. Partlayışın gücü o qədər böyük olub ki, ətrafdakı bir neçə binaya ciddi ziyan dəyib. Yerli sakinlər hadisəni zəlzələ ilə müqayisə ediblər.
Partlayış demək olar ki, bütün Romada eşidilib, hadisə yerinə yaxın metro stansiyası təhlükəsizlik məqsədilə bağlanıb.
Roma prokurorluğu partlayışın səbəblərini araşdırmaq üçün yanğınsöndürənlərin və hüquq-mühafizə orqanlarının ilkin hesabatlarını gözləyir. Araşdırmalardan sonra rəsmi istintaqa başlanacağı bildirilir.