Mönhenqladbax “Borussiya”sı “dayçalar”ın 28 yaşlı alman mərkəz yarımmüdafiəçisi Florian Noyhausu cəzalandırıb və cərimələyib.
Arena.az bu barədə Mönhenqladbax “Borussiya”sının mətbuat xidmətinə istinadən məlumat verir.
Klub rəhbərliyi müvafiq qərarını Noyhausun ləyaqətsiz davranışı ilə əsaslandırıb. Belə ki, Noyhaus Mayorkada məzuniyyətdə ikən, azarkeşlərin qarşısında çıxaraq, məsxərəyə qoyulub. Noyhaus azakeşlərlə dilxoşluq edərək, Mönhenqladbax klubunun idman direktoru, 58 yaşlı alman mütəxəssis Roland Virkusu dünyanın ən bərbad idman direktoru adlandırıb. Futbolçu həmçinin əməkhaqqına dair məlumat sızdırıb və mövsümə 4 milyon avro məbləğində qazanc götürdüyünü bildirib. Bu sözləri müqabilində azarkeşlər Noyhausu məsxərə qoyublar, sərxoşluqdan özünü-sözünü itirmiş futbolçu da onlara qoşularaq qəhqəhə çəkib.
Hadisənin əks ediliyi videoçarx internetə sızandan sonra, klub rəhbərliyi Noyhausu əsas komanda ilə məşqlərdən 4 həftə müddətinə kənarlaşdırıb. Noyhaus klubun gənclərdən ibarət komandası ilə məşq edəcək, bir aydan sonra isə klub Noyhausun gələcəyi ilə bağlı müvafiq qərar verəcək.
Mönhenqladbax “Borussiya”sı vurğulayıb ki, Florian Noyhausun davranışı klubun dəyərlərinə ziddir və bir futbolçunun simasına da yaraşmır. Həmçinin Noyhaus 100 min avro məbləğində cərimə ödəməyə mükəlləf edilib.
Florian Noyhaus “Münhen 1860”-ın məzunudur. Futbolçu, karyerası ərzində Mönhenqladbax “Borussiya”sı və Düsseldorf “Fortuna”sında çıxış edib.
“Borussiya” Noyhausu 2017-ci ilin iyul ayında Münhen 1860”-dan azad agent qismində heyətinə qatıb. Mönhenqladbax klubunun alman futbolçu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
2024/2025-ci illər mövsümündə Noyhaus “Borussiya” üçün 19 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.
Florian Noyhausun Mönhenqladbax klubu üçün çıxışının ümumi mənzərəsi isə 220 oyun, 26 qol və 29 məhsuldar ötürmədən ibarətdir.
Florian Noyhaus 2020-ci ilin oktyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 10 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Florian Noyhausun qənimətlər muzeyində Düsseldorf “Fortuna”sı ilə qazandığı Almaniya İkinci Bundesliqasının çempionluğu (2017/2018) var.
“Transfermarkt” internet-portalı 28 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.