Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib:
" Azərbaycana bir çox qüvvələrdən, ölkələrdən, qonşulardan bizə yönələn mənfi təsirlər təbii ki, qərəzlə bağlıdır. Çünki Azərbaycan dövləti həm bölgədə, həm də Avrasiya məkanında, dünya siyasətində həmişə obyektiv mövqedən çıxış etməyə çalışır və bu prosesdə müəyyən uğurlara da nail ola bilir. Bizə lazım olan odur ki, qonşularla, tərəfdaşlarla və digər ölkələrlə sabit və inkişaf edən əlaqələrimizi qura bilək.
İran bizim qonşumuzdur. Digər tərəfdən isə, biz dəfələrlə İran tərəfindən əsassız iddiaların şahidi olmuşuq. Vaxt keçdikcə onlar özləri də agah olublar ki, bu iddialar əsassız və yersiz müdaxilələrdən başqa bir şey deyildi. Elə son günlərdə İranın Ermənistandakı səfiri Mehdi Subhaninin biabır olmasının şahidi olduq.
Gördük ki, bu adam ilk dəqiqələrdən başlayaraq guya Azərbaycan İsrailə imkan verib ki, "buradan pilotsuz təyyarələr üçün baza yaratsın" kimi iddialar səsləndirdi. Sonra özü bu prosesi təkzib edərək üzr istədi. Niyə əvvəlcədən belə təxribatlara yol verirsiniz ki, sonra düz yerdə qalırsınız, özünüzü biabır edirsiniz və sonda üzr istəyirsiniz?
Azərbaycanla münasibətləri isə bəlli deyil. Sadəcə, orada bəzi qruplar var - erməni tərəfdarı qruplar, inqilabi qruplar, radikal və barışmaz mövqedən çıxış edənlər. Amma bir halda ki, əsassız, dəlilsiz və faktsız danışırsınız, niyə bunu edirsiniz?
İkitərəfli münasibətlər, dövlətlərarası və xalqlar arasında münasibətlər bir günə, beş günə, on üç günə qurulmur. Əksinə, onlar uzun müddətə hesablanır. Hökümətlər dəyişir, kabinetlər biri digərini əvəz edir, rəhbərliyə gələn elitalar dəyişir. Amma xalqlar arasında münasibətlər qalır. Onlara xələl vurmaq, onları zəiflətmək heç kəsə uğur gətirmir.
Əksinə, bu məsələlərə çox böyük diqqətlə və məsuliyyətlə yanaşmaq lazımdır. Azərbaycan ilk gündən öz sözünü deyib. Hətta İsrail ilə İran arasında münaqişə baş verdiyi bu 12 gün ərzində Azərbaycanın mövqeyi ondan ibarət idi ki, biz vasitəçi rolunu oynaya bilərdik - proseslər qızışmasın, gərginlik pik həddə qalxmasın.
Çünki, birincisi, hər iki ölkə ilə münasibətimiz var. İkincisi, biri bizim bilavasitə qonşumuzdur. Üçüncüsü isə, Avrasiya məkanında belə bir zonada onların bu şəkildə, şiddətli formada toqquşması heç kimə lazım deyil. Onlara da lazım deyil, bizə də lazım deyil, digərlərinə də.
Ona görə də Azərbaycan bir daha göstərdi ki, biz sülhün tərəfdarıyıq, tərəfdaşlığın təəssübünü çəkirik. Heç də istəmirik ki, hansısa ölkələr və xalqlar arasında anlaşılmazlıqlar yaşansın, biri digərini zəiflətsin.
Odur ki, mən elə başa düşürəm ki, Azərbaycan-İran münasibətləri böyük sınaqlardan keçərək bu gün artıq elə bir həddə çatıb ki, bir-birimizi anlayırıq, bir-birimizə yararlı olduğumuzu duyuruq və görürük ki, biz həqiqətən də bir-birimizə lazımlıyıq. Bizim soyuq münasibətlərimizdən yalnız və yalnız hər iki tərəf itirəcək.
Odur ki, ilıq münasibətlər qurmaq, səmimi münasibətlər formalaşdırmaq lazımdır ki, xalqlarımız bundan qazansın, biznes dairələrimiz faydalansın, insanlar isə konkret bəhrələr əldə etsinlər. Çünki insanlara rifah lazımdır, gələcəklə bağlı ümidlər lazımdır. Əgər təhlükəsizlik kövrək olacaqsa, bir çox planlar, ideyalar, yanaşmalar da təxirə salınacaq. Odur ki, bu olmasın deyə, gərək bir-birimizin üzünə baxa-baxa, həqiqi sözümüzü bir-birimizə çatdıra bilək".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31