AZ

Ramiyə Məmmədova: “Rusiya münasibətləri pozmağın ona baha başa gələcəyini anlayır” – ÖZƏL

"Hazırda Rusiya və Azərbaycan arasında diplomatik gərginlik yaşanır. Təbii ki, bu vəziyyət, Azərbaycan tərəfindən məlum  hadisələrlə  bağlı  Rusiyaya yönəlik təzyiq və tələbləri fonunda yaranıb. Artıq  Rusiyanın da müəyyən mənada geri addım atması qaçılmaz idi. Bu da özünü rusiyalı rəsmilərin müxtəlif və fərqli açıqlamalarında göstərir. Onlar hadisələrə müxtəlif prizmadan yanaşırlar: Bəziləri həlak olanların Rusiya vətəndaşı olduğunu əsas gətirərək Azərbaycanın Rusiyanın daxili işlərinə qarışdığını iddia edirlər, digərləri isə münasibətlərin tam pozulmaması və Azərbaycandakı həbslərin daha da dərinləşməməsinin vacibliyini vurğulayırlar".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Onun  sözlərinə görə, Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin pozulması real görünmür və son gərginliklərə baxmayaraq, rəsmi açıqlamalarda yumşalma əlamətləri müşahidə olunur:

"Nə  Azərbaycanla Rusiya arasında diplomatik münasibətlər qırılacaq, nə də Azərbaycanda Rusiya əleyhinə hansısa hərbi çağırış ola bilər. Bu, reallığa uyğun olmayan, mənasız bir yanaşmadır.
Əslində, bu gün ortaya çıxan ritorikaların bir qismi emosional reaksiyalar kimi dəyərləndirilə bilər. Amma eyni zamanda Rusiya tərəfindən verilən son açıqlamalarda - xüsusilə Zaxarova və Peskovun çıxışlarında - müəyyən yumşalma əlamətləri də sezilir. Bununla belə, hələ ki, baş verən hadisələrlə bağlı ictimaiyyətə tam aydın və qaneedici açıqlama verilməyib və Azərbaycan cəmiyyəti də bu cavabları gözləyir".

Siyasi şərhçi bildirib ki, Rusiya Cənubi Qafqazda artan təzyiqlər və Türkiyənin güclənən təsiri fonunda Azərbaycanla münasibətləri pozmağın öz maraqlarına zidd olduğunu anlayaraq ritorikasını yumşaldır və gərginliyi diplomatik yolla həll etməyə çalışır.

"Rusiyanın bu mərhələdə Azərbaycanla münasibətləri pozması onun öz maraqlarına uyğun deyil. Çünki Rusiya bu gün müxtəlif istiqamətlərdən ciddi təzyiqlərlə üz-üzədir və demək olar ki, hər tərəfdən "düşmənlərlə əhatə olunub". Cənubi Qafqazda baş verən proseslər də göstərir ki, Rusiya bu regionda, xüsusilə də Türkiyənin artan təsirinə cavab verməkdə çətinlik çəkir. Rusiya nə Türkiyənin Cənubi Qafqazdakı gücünü zəiflədə, nə də Azərbaycanın müstəqil siyasətinə təsir göstərə bilir. Eyni zamanda, Türkiyənin Ermənistan, Gürcüstan və İranla qurduğu yaxın münasibətlər də Rusiyanı narahat etməyə bilməz. Bu baxımdan, Rusiya regionda öz mövqeyini qorumaq üçün müəyyən addımlar atmağa məcbur idi və bu addımları da atdı. Lakin bu addımların istədiyi nəticəni vermədiyini gördü. Ona görə də Rusiya anlayır ki, təkcə Azərbaycanla deyil, digər region dövlətləri ilə - xüsusilə Yaxın Şərq və Türkiyə ilə - münasibətləri pozmaq ona baha başa gələ bilər. Bu səbəbdən də Moskva ritorikasını dəyişir, emosional gərginliyi azaltmağa, məsələni diplomatik münaqişəyə çevirmədən yoluna qoymağa çalışır. Zaxarova və Peskovun çıxışları da məhz bu prosesin göstəricisidir. Bu, siyasi taktika kimi dəyərləndirilə bilər və biz artıq bunun nəticələrinin hər iki tərəfdə müşahidə olunduğunu görürük.Azərbaycan tərəfinin də bu yumşalmaya müsbət yanaşması müşahidə edilir və ehtimal etmək olar ki, qarşıdakı günlərdə bu çaxnaşmanın daha da sakitləşdiyinin şahidi olacağıq".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
50
olaylar.az

10Mənbələr