"Azərişıq" ASC 2024-cü ili 15,553 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 5,6 % çoxdur.
Ötən il səhmdar cəmiyyətinin elektrik enerjisinin satışından gəlirləri 1 milyard 710,402 milyon manat (əvvəlki ilə nisbətən 5,6 % çox), satışının maya dəyəri 1 milyard 471,14 milyon manat (6,6 % çox), paylama xərcləri 60,134 milyon manat (7,4 % çox), inzibati xərcləri 111,496 milyon manat (4,05 % çox), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 2,999 milyon manat (4,5 dəfə az), sair gəlirləri 21,129 milyon manat (315,4 dəfə çox), sair xərcləri 27,489 milyon manat (8,7 dəfə çox), xalis maliyyə xərcləri 27,021 milyon manat (5,6 % çox), mənfəət vergisi ödəmələri isə 15,699 milyon manat (6,8 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərişığ"ın aktivləri 3 milyard 620,686 milyon manat olub ki, bu da illik müqayisədə 11,8 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 9,6 % artaraq 841,579 milyon manata, balans kapitalı isə 12,5 % artaraq 2 milyard 779,107 milyon manata çatıb.
Xatırladaq ki, "Azərişıq" ölkə Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəcamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 678,705 milyon manatdır.