AZ

Gənclərimiz Çinə üz tutur Nə vəd edir?

ain.az, Sfera.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə əsasən, 2025-2026-cı tədris ili üzrə Çinin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanmış 43 nəfər Azərbaycan vətəndaşı müəyyən edilib.

Tələbələr bakalavriat (1 nəfər), magistratura (37 nəfər) və doktorantura (5 nəfər) səviyyələri üzrə beynəlxalq münasibətlər və idarəetmə, ətraf mühit mühəndisliyi, hüquq, kompüter elmləri, beynəlxalq ticarət, maliyyə, nəqliyyat mühəndisliyi, biznesin idarə edilməsi, mühasibat uçotu, təhsil nəzəriyyəsi və ekologiya kimi ixtisaslar üzrə təhsil alacaqlar.

Çin təhsili Azərbaycana nə vəd edir? 

Azərbaycanlı tələbələrin hansı sahələrdə Çin təhsilindən faydalanmağa ehtiyacı var?

Bu suallarla bağlı Sfera.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Azərbaycan ilə Çin arasında çox güclü iqtisadi əməkdaşlığın mövcud olduğunu deyib. 

Onun sözlərinə görə, bununla yanaşı, iki ölkə arasında siyasi münasibətlər də daim inkişaf edir: 

“Çinlə qurulan əlaqələr elm, təhsil, mədəniyyət və digər sahələrdə uğurla genişlənir. Bu baxımdan, təhsil sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Bakı və Pekin arasında imzalanmış hökumətlərarası proqram çərçivəsində hər il gənclərimiz Çin Xalq Respublikasının nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə edirlər. Həmçinin, azərbaycanlı tələbələrin xaricdə təhsilinə dair dövlət proqramında Çinin qabaqcıl ali təhsil müəssisələri də yer alır ki, bu da gənclərimizin Çin Xalq Respublikasında təhsil imkanlarını əhəmiyyətli dərəcədə artırır.

Qeyd etdiyim kimi, hökumətlərarası proqram əsasında gənclərimiz Pekində təhsil alır və artıq 2025-2026-cı tədris ili üçün 43 nəfər vətəndaşımızın Çin universitetlərində təhsilə qəbul prosesi başa çatdırılıb”.

Ekspert Pekinin son illərdə sürətlə inkişaf edən, texnologiya və innovasiya sahəsində dünyanın qabaqcıl ölkələrindən biri olduğunu qeyd edib. 

O bildirib ki, Çin dünya iqtisadiyyatının nəhəng güclərindən sayılır:

 “Bu ölkə ilə təhsil sahəsində əməkdaşlıq hər iki tərəf üçün böyük faydalar vəd edir. Çindən olan tələbələr də ölkəmizdə təhsil almağa maraq göstərirlər. Lakin düşünürəm ki, son illərdə Azərbaycan gəncləri arasında Çində təhsilə maraq xeyli artıb. Bunun əsas səbəblərindən biri Çinin yüksək səviyyəli təhsilə, texnologiya, innovasiya, rəqəmsallaşma, ümumilikdə isə elm və texnologiya sahələrində geniş imkanlara malik olmasıdır. Bu baxımdan, gənclərimizin Çində təhsil alması müsbət haldır. Çünki bu təhsil onlara gələcəkdə əmək bazarında rəqabətədavamlı mövqe tutmaq, eyni zamanda yüksək peşəkar bilik və bacarıqlara yiyələnmək imkanı qazandıracaq”.

İ.Orucov əlavə edib ki, Pekin təhsil sistemi sürətlə inkişaf edir:

 “Son illərin dünya universitet reytinqlərinə nəzər yetirdikdə, Çin universitetlərinin sıralamalarda böyük irəliləyiş əldə etdiyini görürük. Həmçinin Pekin elm və texnologiya sahələrində yüksək sürətlə irəliləyir ki, bu da bizə qabaqcıl təcrübə və müasir bilikləri əldə etmək şansı yaradır. Bu imkanlar gələcəkdə gənclərimizin həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində beynəlxalq əmək bazarında uğurlu fəaliyyətinə zəmin yaradır. Azərbaycan tələbələrinin Çin universitetlərində hansı sahələr üzrə təhsil almalarının daha səmərəli olması məsələsinə gəldikdə isə hesab edirəm ki, xüsusilə mühəndislik, texnologiya, informasiya-kommunikasiya texnologiyaları sahələrində geniş imkanlar mövcuddur. Bu potensialdan faydalanmaq üçün gənclərimiz Çinə getməyə böyük maraq göstərirlər və əminəm ki, gələcəkdə Pekin təhsilinin daha böyük nailiyyətlərinin şahidi olacağıq”.

O vurğulayıb ki, Çində təhsil almaq tələbələrimiz üçün yalnız qeyd olunan sahələrlə məhdudlaşmır:

“Eyni zamanda iqtisadiyyat, logistika, memarlıq, şəhərsalma, yol tikintisi kimi sahələrdə də Çin dünyada irəlidə gedən ölkələrdəndir. Xüsusilə texnoloji sahələrdə və dəqiq elmlərdə təhsil alan tələbələrimiz gələcəkdə uğurlu karyera quraraq dövlətimiz üçün dəyərli mütəxəssislərə çevriləcəklər”.

Fidan Hacızadə

Sfera.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
50
sfera.az

10Mənbələr