Pakistan onun sayəsində dünyada nüvə silahına malik yeganə müsəlman dövlətinə çevrilib. İranın nüvə proqramının da sıçrayışla inkişafı onun adına bağlıdır. Doktor Əbdül Qadir Xan Pakistanın nüvə proqramının "atası"dır. Onun 90-cı illərdə məqsədyönlü fəaliyyəti bu gün İranın nüvə proqramını Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişən hala gətirib. İranın nüvə proqramı beynəlxalq siyasətdə qlobal böhranlar doğuran bir dosyeyə çevrilib.
Əbdül Qadir Xan yalnız bir dövlətin deyil, bütöv regionun taleyini dəyişəcək qədər təsir gücünə malik idi.
O, 2004-cü il fevralın 4-də Pakistanın dövlət televiziyası vasitəsilə yayımlanan birbaşa efirdə dünyanı silkələyən etiraf etdi.
Əbdül Qadir Xan 1990-cı illərdə İran, Şimali Koreya və Liviya ilə gizli razılaşmalara əsasən nüvə texnologiyalarının sxemlərini ötürdüyünü açıqladı.
“Bu fəaliyyətlər mənim əmrlərimlə başlayıb. Müvafiq dövlət orqanları qarşıma sübutlar qoydu və mən onların əksəriyyətini etiraf etdim”, – deyə Əbdül Qadir Xan yayımlanan çıxışında bildirmişdi.
Lakin bu etirafın özü də illər sonra şübhə altına düşəcəkdi. 2008-ci ildə “The Guardian” qəzetinə verdiyi müsahibədə efirdə oxuduğu bəyanatın “ona təqdim edilən bir kağız parçası” olduğunu söylədi.
Əbdül Qadir Xan nüvə texnologiyasının alış-verişinə görə beynəlxalq ittihamlara məruz qaldı. Xüsusilə İranla bağlı iddialar sonradan daha da konkretləşdi. BBC və digər mənbələrin məlumatına görə, 2003-cü ilin dekabrında ABŞ və Britaniya kəşfiyyat orqanları Liviyanın nüvə proqramından geri çəkilmə qərarı zamanı bu ölkədən alınan sənədlərdə Əbdül Qadir Xan şəbəkəsinə məxsus planlar və komponent siyahıları aşkar etdilər. Bu siyahılarda İranın sifariş verdiyi sentrifuqa texnologiyası və materiallar da vardı. 2005-ci ildə Pakistanın informasiya naziri Şeyx Rəşid Əhməd açıq şəkildə etiraf etdi ki, doktor Xan İrana bir neçə sentrifuqa verib. Bu, Pakistan hökumətindən rəsmi səviyyədə verilmiş ilk etiraf idi. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) o zaman rəhbəri olan Məhəmməd əl-Baradei 2004-cü ildə verdiyi açıqlamada bildirmişdi ki, Əbdül Qadir Xanla birbaşa danışmaq üçün Pakistan hökumətindən icazə almağa çalışıblar, lakin bu baş tutmayıb. Baradei qeyd edib ki, Xanın fəaliyyəti ilə bağlı dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərən şirkətlərə dair məlumatlar əldə ediblər. Suriya və Səudiyyə Ərəbistanı ilə əlaqə iddialarını təkzib edən əl-Baradei, İranla bağlı məlumatların isə ciddi əsaslara söykəndiyini bildirmişdi.
Ömrünün son illərində Əbdül Qadir Xan İranla əməkdaşlığını inkar edərək bu iddiaları Qərbin “siyasi manipulyasiyası” kimi qiymətləndirdi. Onun fikrincə, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) üzvü olduğu üçün bomba istehsal etməsi iddiası absurd idi:
“İran NPT üzvüdür, BAEA onun obyektlərini istənilən vaxt yoxlaya bilər. İran bomba istehsal etsəydi, dərhal aşkar olunardı”.
Pakistanın rəsmi mövqeyi hər zaman öz nüvə proqramını yalnız ölkənin müdafiəsi üçün nəzərdə tutulduğu yönündə olub.
“Əbdül Qadir Xanın İranla əlaqəsi varsa belə, bu, hökumətin nəzarətindən kənar baş verib və məsuliyyətsiz bir davranış kimi dəyərləndirilib”, – deyə Pakistan rəsmiləri açıqlamışdılar.
Bununla belə Əbdül Qadir Xanın fəaliyyəti təkcə Pakistan üçün deyil, bütün dünya üçün böyük dərs oldu. Onun qurduğu şəbəkə nüvə texnologiyasının nə qədər asan şəkildə yayılacağını göstərdi. O, bəzi dairələr üçün qəhrəman, digərləri üçün isə təhlükəli “sıradankənar” alim olaraq yadda qaldı. Bu gün İranın nüvə proqramı ətrafında davam edən narahatlıqların kökündə hələ də Əbdül Qadir Xanın qurduğu texniki və siyasi infrastrukturun izləri hiss olunur.
Onun sızdırdığı texnologiyalardan başlayan yol bu gün artıq Yaxın Şərqdə sülhün və müharibənin sərhəd xəttinə çevrilib. İran rəsmi olaraq hərbi nüvə proqramına malik olduğunu etiraf etməsə də, Qərb kəşfiyyat mənbələri və Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatları Tehran rejiminin nüvə yanacaq dövrəsinin bütün əsas mərhələlərini keçdiyini və bir neçə ay ərzində nüvə silahı istehsalına hazır ola biləcəyini göstərir. İsrailin son illərdə İranın Natanz, Fordo və Arak kimi nüvə obyektlərinə qarşı həyata keçirdiyi kəşfiyyat-diversiya əməliyyatları, o cümlədən Stuxnet virusu ilə zəiflədilən sentrifuqa kompüter sistemləri və nüvə alimlərinə qarşı təşkil olunan sui-qəsdlər Tehranı bu proqramı daha da dərin gizlilik içində inkişaf etdirməyə vadar edib.
İsrailin “Never Again” doktrinası çərçivəsində İranın nüvə obyektlərini bombalama ehtimalı artıq abstrakt ehtimal deyil, real hərbi strategiyaya çevrilib.
ABŞ isə bir tərəfdən diplomatik yollarla İranı nəzarət altında saxlamağa çalışsa da, digər tərəfdən Pentaqonun “zərbə ilə gecikdirmə” planını gündəmdə saxlayır. 2025-ci ilin iyun ayında yayımlanan Pentaqon hesabatında qeyd edilir ki, ABŞ-ın keçirdiyi son hücumlar İranın nüvə proqramını “ən azı 2 il geri atıb”. Bu isə bir daha sübut edir ki, nüvə məsələsi diplomatik gedişlərlə deyil, hərbi planlarla tənzimlənir. Əbdül Qadir Xanın toxumlarını səpdiyi texnologiyalarla İranın keçmişdə qurduğu nüvə infrastrukturu bu gün regionda müharibə və sülh arasındakı balansın əsas komponentinə çevrilib. Dünya tarixində bir alimin sızdırdığı texnologiyanın bir neçə onillik sonra qlobal müharibə təhlükəsinə çevrilməsi nadir haldır. Lakin İranın nüvə dosyesi bu reallığın canlı nümunəsidir.
Elşən Məmmədəliyev,
Musavat.com